Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Sahibkar iddiaları təkzib edir:  “Novruz Məmmədov yalan danışır, həmin ərazi mənə məxsusdur”

Sahibkar iddiaları təkzib edir:  “Novruz Məmmədov yalan danışır, həmin ərazi mənə məxsusdur”

İsmayıllı rayonu, Basqalaltı deyilən ərazidə “Şölətoğlu” ailəvi istirahət mərkəzinin sahibi olduğunu iddia edən Novruz Gülməmmədov “Azadlıq.info” saytına müsahibəsində ərazinin satın alınması üçün təzyiqə məruz qalmasından danışıb. Qeyd edək ki, həmin material sözügedən sayta istinadən Azinforum.az saytında da yayınlanıb.

Azinforum.az-a  müraciət edən Malik Məmmədov Novruz Gülməmmədovun doğru məlumat vermədiyini, mətbuatı yanlış istiqamətləndirdiyini qeyd edib. Onun sözlərinə görə, ərazi Novruz Gülməmmədova deyil, ona məxsusdur.

M. Məmmədov bildirir ki, ərazini 2005-ci il sentyabrın 7-də Ağsu rayon bələdiyyəsindən notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə alıb: “12,40 ha ərazidir. O vaxt maddi imkanım olmadığından həmin ərazini sadəcə hasara almışdım. Əraziyə nəzarət etməsi üçün Yusif adlı tanışıma 2006-cı ildən etibarnamə verdim. Bu yaxınlarda da həmin etibarnaməni yeniləmişik. Hər il oranın dövlət rüsumunu, vergisini də ödəmişəm”.

M. Məmmədov qeyd edib ki, o nəinki N. Gülməmmədova təzyiq edib, onu ümumiyyətlə tanımır:

“ Bu şəxs həmin ərazini heç bir sənəd olmadan sadəcə zəbt edib. Həmin ərazidə istirahət mərkəzi tikib. Mən məsələ ilə bağlı bələdiyyəyə də müraciət etdim. Onlar bildirdilər ki, Novruz Gülməmmədov adlı şəxs onlara heç bir müraciət etməyib. Mən ərazi qanunsuz zəbt edildiyi üçün ötən ay Ağsu rayon məhkəməsinə müraciət etmişəm. Bu yaxınlarda məhkəmə olmalıdır. Novruz Gülməmmədov da məhkəməyə təzyiq eləmək üçün mənə şər-böhtan atır, vəzifəli şəxslərin adını hallandırır. O zəbt etdiyi ərazi ilə bağlı qanun qarşısında cavab verməmək üçün mənə də, dövlət məmurlarına da şər-böhtan atır. Mənim başqa iddiam yoxdur. Məhkəmənin sənəd-sübutları araşdırmasını, qanunun tələblərinə uyğun qərar çıxartmasını istəyirəm”.

Qeyd edək ki, Ağsu rayonunun Nüydü kəndindən M. Məmmədova təqdim edilən 27 aprel 2017-ci il tarixli aktda da qeyd edilib ki, Gülməmmədov Novruz Şöhlət oğlu tərəfindən həmin torpaq sahəsinin 0,5 ha qədər hissəsində qazıntı işləri aparılaraq, torpağın üst qatı yararsız vəziyyətə düşüb. 1,0 hektar ərazi isə zəbt edilib. Bundan başqa ərazidə N. Gülməmmədov tərəfindən iki bina tikilib. Bununla N. Gülməmmədov Cinayət Məcəlləsinin 188.1 – 188.3 maddələrini və İnzibati Xətalar Məcəlləsinin 244.2 maddələrinin tələblərini pozub.

Rövşən ƏLİ

Azinforum.az

 

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın