Ana səhifə / Kriminal / Talan edilən milyonlar dövlətə qaytarılır: Qərar necə olacaq?

Talan edilən milyonlar dövlətə qaytarılır: Qərar necə olacaq?

Xəbər verdiyimiz kimi ləğv olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu 2 milyon 25 min manatı geri ödəyib. Yayılan məlumatlarda göstərilir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən hadisələr zamanı həbs olunan digər şəxslərə də dövlətə vurduqları zərəri ödəməsi şərt kimi qoyulub. Qeyd edək ki, istintaqın gedişində dövlət ittihamçısı təqsirləndirilən Beytulla Hüseynovun 15 il, Vidadi Zeynalovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Qeyd edək ki, ittihamda dövlətə dəymiş zərərin 7 milyon 335 min manat olduğu göstərilirdi. V.Zeynalov dövlətə vurduğu 2 milyon 25 min manatı ödəyərək dövlətə vurduğu zərəri tam şəkildə ödəmiş olub. Beləliklə, Vidadi Zeynalov artıq dövlətə borclu görünmür və bundan sonra barəsində veriləcək qərarda bu amilin rolunun böyük olacağına ümid edir.
Bu günlərdə yayılan məlumatlara görə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri və onunla birgə ittiham olunan şəxslər dövlətə vurduqları ziyanı tam olaraq ödəyiblər. Son olaraq “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayev dövlətə vurduğu 2 milyon manat ziyanı tam olaraq ödəyib. Bu vəsaitləri ödəməkdə Q.Bəybalayevə yaxın çevrəsinin kömək etdiyi bildirilir. Qeyd edək ki, Q.Bəybalayev son məhkəmə prosesində nazirliyin nümayəndəsinin ödənişlər üçün vaxt istəməsinə etiraz edib. Q.Bəybalayev heç bir zaman paket almadığını, paylamadığını, dövlət vəsaitini mənimsəmədiyini, hər zaman kişi kimi istədiyini deyib. Dövlətə vurduğu zərərin ödənilməsi üçün isə pulunun olmadığını, ancaq pulu sabiq nazir Əli Abbasovdan alıb qaytara biləcəyini bildirib.

Ancaq bütün bu deyilənlərə baxmayaraq Q.Bəyabalayev dövlətə vurduğu 2 milyon manat ziyanı tam şəkildə ödəyib. Təbii ki,vəsitlərin geri ödənilməsinin həbs olunan şəxsləri azadlığa çıxarıb-çıxarmayacağı müzakirə olunan məsələdir.

Vəkil Əsabəli Mustafayev bu məsələnin hüquqi tərəfini “Cümhuriyət” qəzetinin 11 iyul sayında şərh edərkən deyib ki, qanunda dəymiş ziyanın ödənilməsi azadlığa çıxmaq üçün əsas göstərilməyib: “Bildirilir ki, bundan sonra qanunda dəyişiklik olunacaq ki, əgər dəymiş ziyan ödənilirsə, şəxs azadlığa çıxa bilər. Qanunda dəyişiklik olunacaqsa, bu yüngülləşdirici hall kimi tətbiq oluna bilər. Çünki yüngülləşdirici halların geriyə qüvvəsi var. Ancaq hal-hazırda zərərin ödənilməsi əsas deyil ki, bu adam azadlığa çıxsın”.

Digər maraqlı məqam isə həbs olunanların bu vəsaiti hardan almalarıdır. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev“Cümhuriyət” qəzetinə açıqlamasında bu vəziyyəti tragikomik durum adlandırıb: “Bu şəxslər ona görə həbs olunub ki, vəzifələrindən sui-istifadə edərək xalqın, ölkənin sərvətlərini talayıb, dövlət büdcəsinə ziyan vurub, korrupsiya ilə, talançılıqla məşğul olublar. Və acınacaqlı hala baxın ki, eyni şəxslər taladıqları, oğurladıqları, rüşvət yolu ilə vətəndaşdan aldıqları pullarla büdcəyə vurduqları ziyanı ödəyirlər. Həqiqətən də analoqu olmayan bir ölkədə yaşayırıq. 

Deməli, vaxtı ilə onları vəzifəyə gətirən hökumət, sonra həmin şəxsləri həbs etdi və indi də dövlət büdcəsinə vurduqları zərəri oğurladıqları pullarla ödətdirir. Yəqin ki, bir çoxu da həbsdən azad ediləcəklər. Azərbaycanda korrupsiyanın, talançılığın, məmur özbaşınalığının kökünü kəsmək bir neçə məmuru, naziri həbs etməklə mümkün olmayacaq. Ölkədə şəffaf idarəetməyə keçidin  tək yolu  köklü dəyişikliklərə gedilməsidir. İnsanlar vəzifəyə qohumluq əlaqələrinə görə,  böyük rüşvətlərlə gətirilməməlidir. Vəzifəyə savadlı, intellektual, vicdanlı, vətəni, dövləti, vətəndaşı sevən insanlar təyin olunmalıdır”. 

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın