Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Məşhurları Bakıya toplayan macəra dolu filmin çəkiliş meydanından REPORTAJ, FOTOLAR

Məşhurları Bakıya toplayan macəra dolu filmin çəkiliş meydanından REPORTAJ, FOTOLAR

Türkiyənin məşhur simaları Ufuk Özkan, Mehtap Bayri və Gökce Özyolun rol aldığı “O kuş buraya gelecek” filminin Bakı çəkilişləri davam edir. “Artlemma Film” şirkətinin istehsalı olan ekran işində azərbaycanlı tanınmışlar Müşfiq Şahverdiyev, Dilarə Əliyeva, Aysel Nazim və başqaları da rol alır. Filmin çəkilişləri Bakı, Şamaxı və Novxanıda baş tutur. Ssenarisi Təvəkkül Mehrəliyevə aid filmin rejissoru əslən azərbaycanlı Xəyal Aslanzadədir.

Ekran işi Bakıda yaşayan, oteldə çalışan və  məkanın İstanbul şöbəsində işləmək istəyən ər-arvadın başına gələn hadisələrdən bəhs edir. Filmdə ər-arvadı Ufuk Özkan ilə Mehtap Bayri oynayır. Dilarə Əliyeva mafiyanı, onun köməkçisini Aysel Nazim, ər-arvadı aldadan fırıldaqçını isə Müşfiq Şahverdiyev canlandırır.

Musavat.com saytının əməkdaşı çəkilişləri yaxından izləmək üçün ekran işinin gerçəkləşdirildiyi məkana üz tutub. Biz Novxanıda yerləşən otelə çatanda aktyor heyətinin bəzisi istirahət edir, bəziləri roluna çalışırdı. Onlar bəzi kadrların çəkilişini bitirib, növbəti çəkiliş üçün gözləyirdilər.

Həmsöhbət olmaq üçün ilk olaraq aktrisa Aysel Nazimə yaxınlaşırıq. Aktrisa bildirir ki, quş əldə etmək istəyən mafiyanın bir üzvünə həyat verir. O, türk qızı Burcunu canlandırır və məqsədi Bayramı – Gökce Özyalı yoldan çıxarıb, söz almaqdır.

Istirahət zamanı da aktyorlarla fikir mübadiləsi aparan rejissor Xəyal Aslanzadə ilə söhbəti davam etdiririk. O, vurğulayır ki, Azərbaycanın aktyorları çalışmaq maraqlıdır: “İki ildir ki, bu film üçün çalışırıq. Ötən il Bakıya gəzmək üçün gələndə məkan seçdim. Bu il filmi ekranlaşdırmağa qərar verdik. Bizim məşhurları götürüb Bakıya gəldik. Azərbaycandan bizə qatılan komanda var, bizə çox kömək edirlər. Aktyorlarla görüşmədən əvvəl seçim etmişdik. Dilarə və Müşfiqin çəkilməsini əvvəldən istəyirdik. Tək problemimiz Müşfiqin ssenarini oxumasında idi. Türkiyəyə gələndə ssenarini  oxudu. Gördük ki, çətinlik çəkir. Amma 1 həftə sonra çəkilişə gələndə tamamən danışığı dəyişmişdi. Bu bizi çox təəccübləndirdi. Çəkilişlər maraqlı keçir. Tamaşaçıları fərqli ekran işi gözləyir”.

Aktyor Ufuk Özkan  qeyd edib ki, tamaşaçıları fərqli komediya filmi gözləyir: “O kuş buraya gelecek” bir komediya filmidir. Azərbaycanlıların komediya anlayışını dəyişəcək. Durum komediyası ilə insanları güldürəcəyik, eyni zamanda duyğusal səhnələr ilə onları kövrəldəcəyik. Bakıda yaşayan türkiyəli Haqqını canlandırıram. Mehtap xanım həyat yoldaşımdır. Biz birlikdə çalışdığımız otelin İstanbul şöbəsinə keçmək istəyirik ki, uşağımız Türkiyədə oxusun. Mən oteldə mövcud olan 9 milyonluq heykəli mühafizə edirəm. Heykəli yenidən təmir etmək üçün memarı Bakıya gəlir. Bütün macəra da buradan başlayır. Filmin davamını isə izləyəndən sonra biləcəksiniz”.

Aktyor Müşfiq Şahverdiyev isə ekran işinə necə dəvət aldığından bəhs edib: “Onlar mənim rol aldığım filmləri izləyiblər, çox xoşlarına gəlib. Məni Türkiyəyə dəvət etdilər. Ssenarini oxudum, rola girə bilməyəcəyimi düşündüm. Çünki türkcə danışmaq mənə çətin idi. Özümə inanmırdım, amma rejissor və ssenarist mənə inandı. Bu da məni həvəsləndirdi. Bakıya qayıdıb, günlərlə çalışdım. Çəkilişlər başlayanda artıq özümə əmin idim. Mən danışdıqca hər kəs təəccüblənirdi. Gözəl filmdir. Mənim karyeram üçün növbəti addımdır. Düşünürəm ki, “O kuş buraya gelecek” mənim üçün uğurlu mərhələnin keçidi olacaq. Bu işlə Türkiyədə az da olsa, tanınacağam”.

Həmçinin oxuyun

Elçin Qurbanov: “Şübhəsiz ki, təmərküzləşmiş korrupsiyanın çiçəklənməsində sabiq Ali Məclisin sədri kənarda deyil”

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rəfael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın