Ağdamdan sonra Şuşada da tikinti üçün deputat oğluna on milyonlarla manat ayrılıb
Şuşada yaşayış binalarının tikintisi ilə bağlı bir neçə dövlət layihəsinin icrası deputat Ülvi Quliyevin oğluna həvalə edilib. Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin keçirdiyi üç tenderdə 37 yaşlı Orxan Quluzadəyə məxsus "Diler İnşaat" QSC qalib elan olunub.
Bu tenderlərin birində Şuşada D-5 massivində dördmərtəbəli altı yaşayış binasının tikintisinə 12 milyon 984 min 241 manat, ikinci tenderdə yenə həmin massivdə dördmərtəbəli səkkiz yaşayış binasının, o sıradan xidmət və yardımçı obyektlərin inşasına 24 milyon 76 min 360 manat və üçüncü tenderdə Şuşadakı D-3 massivində yeddi yaşayış binasının tikintisinə 29 milyon 373 min 906 manat ayrılıb. Beləcə, toplam təxminən 66.5 milyon manatdan söhbət gedir.
O.Quluzadənin rəhbərlik etdiyi "Diler İnşaat" QSC daha öncə də Ağdamda təxminən 45 milyon manatdan çox dəyəri olan tenderlərin qalibi sayılıb.
Şirkət 2025-ci ilin sonunda Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tenderdə dəyəri 31 milyon 934 min 173 manat olan satınalma müqaviləsinə imza atıb. "Diler İnşaat" daha öncə də eyni qurumdan Ağdam şəhərində yaşayış binalarının tikintisi üçün 8 milyon 50 min və 7 milyon 818 min manatlıq sifarişlər alıb.
"Diler İnşaat" QSC 28 oktyabr 2016-cı ildə qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi Elxan Füzuli oğlu Süleymanovdur. Şirkət əvvəlcə "Orxan 1989" MMC kimi təsis edilsə də, daha sonra "Diler İnşaat"a çevrilib.
2005-ci ildə deputat olan Ü.Quliyev, eyni zamanda, Azərbaycan Karate Federasiyasının prezidentidir.