Sosial şəbəkədə biz:
Bakıda mənzillərin qiyməti kəskin artıb
Xəbər Şəkli

Bakıda mənzillərin qiyməti kəskin artıb

14 November 2025, 08:10
Araşdırma

2025-ci ilin yanvar-sentyabr aylarında mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artıb. Bu artım ilkin bazarda 12,5 faiz, təkrar bazarda isə 12,8 faiz təşkil edib.

Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nın noyabr buraxılışında qeyd olunub.

İcmala əsasən, 2025-ci ilin üçüncü rübündə mənzil bazarında qiymət indeksi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz bahalaşıb. Həmin rübdə ilkin mənzil bazarında qiymətlər 11,7 faiz, təkrar bazarda isə 10,8 faiz artıb. Bu, həm yeni tikililərə, həm də köhnə mənzillərə tələbatın artdığını göstərir.

Ekspertlərin fikrincə, daşınmaz əmlak bazarında qiymətlərin bahalaşması bir neçə amillə bağlıdır. İlkin mənzil bazarındakı qiymət artımını dünya bazarında tikinti materiallarının bahalaşması ilə izah edirlər. Məsələn, son iki ildə sement, armatur, boya və izolyasiya materiallarının qiymətləri dünya bazarında 15-20 faiz civarında bahalaşıb. Belə olan halda, ilkin bazardakı qiymət dəyişiklikləri bilavasitə təkrar mənzil bazarına da təsir göstərir.

Qiymət artımı paytaxt Bakı ilə yanaşı, digər regionlarda da kəskin şəkildə özünü göstərib. Belə ki, bu ilin birinci yarısında Gəncə və Sumqayıtın daşınmaz əmlak bazarında qiymətlər orta hesabla 9,3 faiz, Qəbələ, Lənkəran və Quba kimi turizm zonalarında isə 11–13 faiz yüksəlib.

Mənzil bazarında baş verən qiymət artımını Meydan TV-yə şərh edən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, bu sektorda tələbat kifayət qədər yüksəkdir:

“Mənzil bazarında qiymətlərin artmasının bir neçə səbəbi var. Birincisi, mənzilləri həmin qiymətlərə alan şəxslər mövcuddur, yəni alıcı və tələbat var. Öz gəlirimizə baxıb dəyərləndirə bilərik, amma kifəyət qədər alıcı var. Son beş ildə qiymətlər 45 faiz artıb. Bu isə o deməkdir ki, tələbat hələ də yüksəkdir”.

İqtisadçı bahalaşmanın ikinci səbəbini Bakıda, xüsusilə paytaxtın mərkəzində tikintiyə yararlı boş torpaq sahələrinin məhdudluğu ilə izah edir: 

“Bakı şəhərinin mərkəzi və ona yaxın ərazilərində boş torpaq sahələri demək olar ki, yoxdur. Mövcud olan boş torpaq sahələr isə həddindən artıq bahalaşıb. Yeni tikinti üçün torpaq əldə etmək məqsədilə mövcud binalar sökülməli, sakinlərə kompensasiya ödənilməlidir. Bütün bunlar çox böyük xərc tələb edir. Bu da təbii olaraq, mənzillərin satış qiymətinə təsir göstərir”.

X.Kərimlinin sözlərinə görə, bahalaşmanın digər səbəblərindən biri də son illərdə tikinti standartlarına nəzarətin güclənməsidir: 

“Xüsusilə şəhərin mərkəzi hissələrində tikinti standartları ciddi qorunur. Bu da tikintinin maya dəyərini artırır”.

“Mənzil bazarında qiymət artımının daha bir səbəbi tikinti materiallarının, eləcə də onların daşınma xərclərinin bahalaşmasıdır. Enerji daşıyıcılarının, kommunal xidmətlərin, yanacağın və dizelin qiymətinin bahalaşması istehsal xərclərini də artırır. Nəticədə tikinti materiallarının həm maya dəyəri artır, həm də daşınması bahalaşır. Bütün bunlar sahibkarların xərclərini yüksəldir.

Habelə əvvəllər maşınlara istədikləri qədər material yükləyə bilirdilər, indi isə elektron tərəzilər quraşdırılıb və yük maşınları müəyyən limitlə daşınma həyata keçirə bilir. Bu da daşınma xərclərinin artmasına təsir göstərir”,
– deyə Kərimli bildirir.

Bəs yaxın aylarda mənzillərin ucuzlaşması mümkündürmü?

İqtisadçının fikrincə, mənzil bazarında qiymət artımının tempi gələcəkdə bir qədər aşağı düşə bilər, lakin bahalaşma prosesi davam edəcək: 

“Hazırda hökumətin gündəliyində sülh məsələləri, “Zəngəzur” dəhlizinin açılması, Bakıda 5 milyard dollarlıq Böyük Şor layihəsi və digər iri infrastruktur proqramları var. Əgər bu layihələr reallaşarsa, mənzil bazarında qiymətlər daha da arta bilər. Mən hesab edirəm ki, yalnız həddən artıq lüks mənzillərin qiymətində müəyyən enmələr ola bilər. Amma ekonom mənzillərin bahalaşması davam edəcək. Ola bilər ki, artım əvvəlki kimi 11-12 faiz səviyyəsində deyil, bir qədər aşağı templə getsin”.

X.Kərimli əlavə edir ki, bu prosesə təsir göstərən əsas amillərdən biri kommersiya banklarının təqdim etdiyi ipoteka kreditlərinin faiz dərəcələrinin artmasıdır: 

“Əvvəllər banklardan 7-8 faizlə 10-15 illik kommersiya yönümlü ipoteka kreditləri götürmək mümkün idi. Dövlət xətti ilə deyil, bankların öz resursları hesabına verilən ipoteka kreditlərinin faiz dərəcələri son dövrlərdə 12–14 faizə qədər yüksəlib. Bu da daşınmaz əmlak bazarına müəyyən dərəcədə təsir göstərir. Doğrdur, bu maliyyə ilə bazarda alınan mənzillərin payı böyük  deyil, amma yenə də müəyyən rolu ola bilər”.