“Bakubus” MMC “Azərenerji” prezidentinin ailə şirkəti ilə 15 milyonluq müqavilə imzaladı
“Bakubus” MMC şirkəti “Bakelektro” ASC ilə satınalma müqaviləsi imzalayıb.
“Bakelektro” ASC “Bakubus” MMC şirkətinin sifarişi əsasında Suraxanı rayonu Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0,4 kv daxili elektrik sisteminin qurulması işlərini həyata keçirəcək.
Dövlət satınalmalarının vahid internet portalına görə, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qalib şirkət görüləcək işlərin qarşılığında “Bakubus” MMC-dən 15 milyon 67 min 184 manat 86 qəpik alacaq.
“Bakelektro” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Hazırda nizamnamə kapitalı 20 milyon 238 min 228 manat olan şirkət Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küç, ev 625 ünvanında qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi isə Rzayev Emin Hüseynağa oğludur.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında şirkətin vergi ödəyicisi tarixçəsinə görə, 2009-cu ildə Balababa (Baba) Hüseynağa oğlu Rzayev şirkətin qanuni təmsilçisi kimi fəaliyyət göstərir. Balababa Rzayev hazırda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti olsa da, o illərdə “Bakıelektrikşəbəkə” ASC İdarə Heyəti sədri vəzifəsini daşıyırdı.
Rzayev Emin Hüseynağa oğlu isə “Azərenerji” prezidentinin doğma qardaşıdır.
Azərbaycan qanunvericiliyinə görə…
Azərbaycan Respublikasında dövlət məmurlarının biznes fəaliyyəti ilə məşğul olması “Dövlət qulluğu haqqında” və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunlar və digər normativ-hüquqi aktlarla tənzimlənir.
Bu qanunlara əsasən, dövlət məmurlarına biznes fəaliyyəti ilə məşğul olmaq ümumiyyətlə qadağandır, çünki bu, maraqlar toqquşmasına səbəb ola bilər və dövlət qulluğunun prinsiplərinə ziddir.
Bundan əlavə “Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsində qeyd olunur ki, ehtimal olunan qiymət 100 min manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir.
Bu araşdırmada bəhsi keçən qalib şirkətlə isə birdəfəyə 15 milyon manatdan çox müqavilə imzalanıb.
Meydan TV