Hücumçu, qırıcı, bombardmançı: Təyyarələrin fərqi nədir?
Müharibə xəbərlərində hərbi təyyarələrdən bəhs olunanda tez-tez “hücumcu”, “bombardmançı”, “qırıcı” kimi terminlərlə rastlaşırıq. Bu təyyarələrin arasında hansı fərq var?
Əvvəla, onların döyüş tapşırıqları fərqlənir.
Qırıcı təyyarə hava hədəflərini məhv etmək üçündür. Onun əsas missiyası havada üstünlüyü təmin etməkdir.
Bombardmançı təyyarə yüksək hündürlükdən yerdəki böyük hədəflərə zərbə endirir.
Hücum təyyarəsi isə aşağı hündürlükdə uçaraq, hücuma keçən qoşunlara havadan dəstək verir.
İkincisi, bu tələblərə müvafiq olaraq, təyyarələrin texniki xüsusiyyətləri də fərqli olur.
Qırıcı təyyarə yüksək sürətə və manevr qabiliyyətinə malik olmalıdır. Adətən “hava-hava” raketləri və toplarla silahlanır.Tipik nümunələr: “Su-35”, “F-22 Raptor”.
Bombardmançı təyyarənin əsas xüsusiyyəti uzaq uçuş məsafəsinə və böyük yükgötürmə qailiyyətinə malik olmasıdır. Bu səbəbdən, ölçüləri də daha iri olur. Tipik nümunələr: “Tu-160”, ”B-2 Spirit”.
Hücum təyyarəsindən əsas tələb isə möhkəm zireh və zenit atəşinə qarşı davamlı olmaqdır. Onlar həmçinin tanklara dəqiq zərbə endirməyi bacarmalıdırlar. Tipik nümunələr: “Su-25”, ”A-10 Thunderbolt II”.
Qırıcı-bombardmançı təyyarələr hibrid variantdır. Onlar həm hava döyüşləri aparmaq, həm də yerdəki hədəflərə zərbələr endirmək üçün nəzərdə tutulublar. Tipik nümunələr: ”Su-34”, ”F/A-18”.
Hazırda bu təsnifatın arasındakı sərhədlər tədricən silinir və hər üç tipin xüsusiyyətlərini özündə birləşdirən çoxməqsədli təyyarələrdən daha çox istifadə olunur.
AzVision.az