İcra başçısının köməkçisinə bağlı şirkət xarici blogerləri Azərbaycana gətirirmiş
Dövlət Turizm Agentliyinin xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana tanışlıq səfərlərinin təşkili ilə bağlı keçirdiyi tender müsabiqəsinin qalibi “VATA” MMC olub. Müqavilənin ümumi dəyəri 1 milyon 53 min 409 manat 97 qəpik təşkil edir.
Rəsmi məlumata görə, layihə çərçivəsində 14 ölkədən nümayəndələrin Azərbaycana səfəri təşkil olunacaq. Bu cür səfərlər demək olar ki, hər il təşkil olunur və bir o qədər də vəsait ayrılır.
Tender üzrə ayrılan vəsait ölkələr üzrə aşağıdakı kimi bölünüb:
- Türkiyə – 270 953 manat
- Rusiya və Belarus – 257 590 manat
- Cənubi Koreya və İsrail – 166 103 manat
- Yaponiya və Pakistan – 164 565 manat
- Bəhreyn, Misir, Küveyt və Oman – 117 850 manat
- Sinqapur, İndoneziya və Malayziya – 76 346 manat
“VATA” MMC 2021-ci ildə cəmi 50 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhərində yerləşən şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur.
Açıq mənbələrdə yer alan məlumatlara görə, şirkət son 4 ay ərzində 15 dövlət tenderinin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 3 milyon 881 min manatdan çoxdur.
Bu dinamika şirkətin qısa müddətdə dövlət satınalmalarında aktiv iştirak etdiyini göstərir.
4 ay ərzində 4 milyon manata yaxın tender udan “VATA” MMC “VATA GROUP” MMC-nin törəmə şirkətidir. Bu şirkətlər qrupuna “VATA FLY” və “VATA İNTERNEYŞINIL” MMC də daxildir. Hər üç şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur.
Lakin “VATA GROUP” MMC-nin iki qanuni təmsilçisi də mövcuddur: Kənan və Vüsal Fuad oğlu Atayevlər. Vüsal Atayev Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidovun köməkçisidir. Kənan Atayev isə “ATA CONSULTING” şirkətinin rəhbəridir.
VATA – Vahid Azərbaycan Turizim Agentliyi özünü beynəlxalq aviaşirkətlərin rəsmi agenti kimi təqdim edir və AZAL, Turkish Airlines, Lufthansa, Qatar Airways kimi daşıyıcılarla əməkdaşlıq etdiyini bildirir. Eyni zamanda turizm sektorunda 20 ildən artıq təcrübəyə malik olduğunu və IATA akkreditasiyası aldığını qeyd edir.
Ekspertlər bildirir ki, qanunvericilikdə nizamnamə kapitalının aşağı olması birbaşa tenderdə iştirak üçün məhdudiyyət yaratmır. Lakin qısa müddətdə çoxsaylı və iri məbləğli dövlət sifarişlərinin eyni şirkət tərəfindən qazanılması rəqabət mühitinin vəziyyəti ilə bağlı ciddi suallar doğurur.
Onların sözlərinə görə, dövlət qulluqçusu ilə əlaqəli şəxsin şirkət strukturunda yer alması açıq maraqlar toqquşması yaradır: “Bu cür hallarda həm etik, həm də hüquqi risklər yaranır. Əgər dövlət qurumunda çalışan şəxslə əlaqəli biznes strukturları dövlət sifarişləri alırsa, bu, araşdırılmalı məsələdir və qanun pozuntusu kimi qiymətləndirilə bilər.”
meydan.tv