Məzun olduqdan sonra kim, harada işləyir və nə qədər maaş alır? - ARAŞDIRMA
Ali təhsilli gənclərin sayının artması müsbət göstərici kimi dəyərləndirilsə də, bu artım onların əmək bazarına uğurlu inteqrasiyasını avtomatik təmin etmir. Universitetlərdə verilən biliklərin real sektorun tələbləri, işəgötürənlərin meyarları arasında bəzən uyğunsuzluq müşahidə olunur.Bu şəraitdə məzunların nə qədər müddətə iş tapdığı, hansı sahələrdə çalışdığı və aldıqları əməkhaqqı əmək bazarının keyfiyyətini qiymətləndirmək üçün əsas indikatorlara çevrilir.
Modern.az Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan "Məzunların məşğulluq reytinqi”ndən əldə etdiyi məlumat əsasında mövzunu araşdırıb.
Muzdla çalışan məzunların sayı: dövlət və özəl sektor
Ümumilikdə muzdla işləyən məzunların sayı 60 min 866 nəfərdir. Onların:
25,5%-i dövlət sektorunda
74,5%-i isə qeyri-dövlət sektorunda çalışır.
Cinsə görə məşğulluq göstəriciləri
Məzunlar arasında kişilərin muzdla işləməsi nisbəti qadınlara nisbətən daha yüksəkdir:
Kişilər: 33.894 nəfər (55.7%)
Qadınlar: 26.972 nəfər (44.3%)
İşsizlər arasında isə balans fərqlidir:
Belə ki, 5 il ərzində universitetdən məzun olanların 19 min 631-i işsizdir.
İşsiz qadınlar: 10.099 nəfər (51.4%)
İşsiz kişilər: 9.532 nəfər (48.6%)
Ən çox məzun qəbul edən işəgötürənlər (Top 10)
Ən çox məzunun çalışdığı müəssisələr aşağıdakılardır:
1. ARAZ Supermarket – 1.015 nəfər
2. Kapital Bank – 900 nəfər
3. Bakı Şəhəri üzrə Təhsil İdarəsi – 743 nəfər
4. DOST İş Mərkəzi – 659 nəfər
5. ABC-Telecom – 478 nəfər
6. Unibank – 472 nəfər
7. Oba Market – 427 nəfər
8. ANC Group – 425 nəfər
9. Azərbaycan Supermarket – 397 nəfər
10. McDonald’s Azərbaycan – 394 nəfər
Muzdla işləyənlərin böyük əksəriyyəti aşağı əməkhaqqı ilə işləyir
400 manat maaş alanların ümumi sayı 39 min 9-dur.
Onların 21.208 nəfəri kişi, 17.801 nəfəri qadınlardır. 401-500 manat maaş alanlar 9 min 30, 501-650 manat maaş alanlar 5 min 872 nəfərdir. Məzunların cəmi 154-ü 1401-1550 manat maaş alılr ki, bu da əmək bazarına yeni daxil olanlar arasında ən yüksək maaş kimi qeyd olunub.
İşə düzəlmə müddəti: kim daha tez iş tapır?
İşə düzəlmə müddətinə görə:
1 ayadək iş tapanların sayı təxminən 11 min nəfər, 2–3 ay ərzində iş tapanların sayı isə 10 mindir. Daha uzun müddət gözləyənlərin sayı getdikcə azalır, lakin 21–24 ay ərzində işə düzələnlər də var. Belə ki, 120 məzun məzun olduqdan 2 il sonra iş tapanlar siyahısındadır.
Qeyd edək ki, statistika ölkədə fəaliyyət göstərən 30 dövlət və özəl ali təhsil müəssələrindən əldə edilən məlumatlar əsasında və 2018-2022-ci illərdə məzun olan şəxslərin göstəricilərinə əsasən hazırlanıb.