Sosial şəbəkədə biz:

Monte Melkonyanın da iştirak etdiyi hücum – Ağdamın iki məşhur kəndi 1992-ci ilin sentyabrında necə işğal olundu?

Monte Melkonyanın da iştirak etdiyi hücum – Ağdamın iki məşhur kəndi 1992-ci ilin sentyabrında necə işğal olundu?
Xəbər Şəkli
05 September 2026, 08:38
Araşdırma

34 il əvvəl – 1992-ci il sentyabrın 4-də Ağdam rayonunun Abdal və Gülablı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Erməni mənbələrinin həmin döyüşlərlə bağlı yaydığı məlumatlar kəndlərin hansı hərbi əməliyyat nəticəsində ələ keçirildiyini və Azərbaycan müdafiə xəttinin necə yarıldığını öz versiyalarında təsvir edir.

Erməni mənbələrinə görə, 1992-ci ilin yayında Abdal–Gülablı xətti onlar üçün ciddi hərbi maneəyə çevrilmişdi.

Azərbaycan qüvvələrinin burada yerləşməsi Xocavənd istiqamətində erməni silahlı birləşmələrinin mövqelərinə təzyiq göstərməyə imkan verirdi.

Erməni mənbələrində Abdal və Gülablıdakı Azərbaycan mövqelərinin onların müdafiə xəttinə “paz kimi” daxil olduğu qeyd edilir. Buna görə də bu ərazinin ələ keçirilməsi və ətrafdakı strateji yüksəkliklərə nəzarətin təmin olunması qarşı tərəfin əsas hərbi hədəflərindən birinə çevrilmişdi.

Ermənilər 1992-ci ilin may və iyun aylarında Abdal–Gülablı istiqamətində bir neçə dəfə hücuma keçsələr də, Azərbaycan qüvvələrinin müqaviməti nəticəsində məqsədlərinə çata bilməmişdilər.

Sentyabrın 4-də böyük əməliyyat başladı

Erməni tərəfinin yaydığı məlumata görə, 1992-ci il sentyabrın 4-də səhər Abdal–Gülablı istiqamətində ağır döyüşlər başlayıb.

Qarşı tərəfin versiyasında bildirilir ki, Azərbaycan qüvvələri Abdal və Gülablıdakı mövqelərindən Avdur, Hatsi və Norşen istiqamətində irəliləyib.

Döyüşün gedişində erməni qüvvələri əks-hücuma keçib.

Əməliyyatın mühüm hissələrindən birini “Dzorak” kəşfiyyat dəstəsinin manevri təşkil edib. Erməni mənbəsinin yazdığına görə, həmin dəstə Azərbaycan qüvvələrini cinahdan keçərək Gülablıdan irəliləyən bölmələrin arxasına çıxıb və gözlənilmədən arxadan zərbə endirib.

Bunun ardınca Azərbaycan bölmələri ilkin mövqelərinə doğru geri çəkilməyə məcbur olub.

Erməni mənbəsi daha sonra Azərbaycan qüvvələrinin Gülablını tərk etdiyini və erməni silahlı dəstələrinin kəndə daxil olduğunu yazır.

Beləliklə, qarşı tərəfin öz məlumatı da təsdiqləyir ki, Gülablının ələ keçirilməsi əvvəlcədən hazırlanmış hərbi əməliyyatın nəticəsi olub.

"Məşhur terrorçu" Monte Melkonyanın qüvvələri də əməliyyatda iştirak edib

Erməni hərbi mənbələrində sentyabrın 4-dəki Abdal–Gülablı əməliyyatının Monte Melkonyanın rəhbərlik etdiyi Xocavənd istiqamətindəki qüvvələrin iştirakı ilə keçirildiyi göstərilir. Erməni tərəfinin çəkdiyi və sonradan məhkəmədə nümayiş etdirilən kadrlarda da əməliyyatın Monte Melkonyan tərəfindən təşkil edildiyi bildirilir.

Əməliyyatın hazırlanmasında Kristapor İvanyanın adı da çəkilir.

Hücumdan cəmi üç gün əvvəl – sentyabrın 1-də Merujan Mosiyanın rəhbərliyi altında yeni batalyon yaradılmışdı. Erməni mənbələri həmin batalyonun da sentyabrın 4-də Abdal–Gülablı istiqamətində döyüşə girdiyini yazırlar.

“Dzorak” kəşfiyyat dəstəsi də həmin qüvvələrin tərkibində fəaliyyət göstərirdi.

Erməni mənbələrində əməliyyatın məqsədinin yalnız iki kəndi tutmaq olmadığı xüsusilə vurğulanır. Əsas hədəflərdən biri Abdal və Gülablı ətrafındakı strateji yüksəklikləri ələ keçirmək, Azərbaycan qüvvələrinin bu istiqamətdəki üstün mövqelərini aradan qaldırmaq və erməni silahlı birləşmələrinin müdafiə xəttini genişləndirmək idi.

Döyüş ağır olub

Erməni mənbələri döyüşlər zamanı Azərbaycan tərəfinin böyük itkilər verdiyini, iki helikopter və bir zirehli transportyorun vurulduğunu, iki top və xeyli döyüş sursatının ələ keçirildiyini bildirirlər.

28 illik işğalın sonunu Azərbaycan Ordusu gətirdi

Abdal və Gülablı 1992-ci ilin həmin ağır sentyabr günlərindən sonra uzun illər Ermənistanın işğalı altında qaldı.

Ancaq tarix 28 il sonra dəyişdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqların böyük hissəsini azad etdi.

Azərbaycan Ordusunun cəbhədə qazandığı tarixi Qələbənin nəticəsində Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Beləliklə, 1992-ci ildə Azərbaycan əsgərlərinin qorumaq üçün qan tökdüyü Abdal və Gülablı da 28 ildən sonra işğaldan azad edildi və yenidən Azərbaycanın nəzarətinə qayıtdı.

1992-ci ilin sentyabrında Azərbaycan üçün ağır məğlubiyyətlə nəticələnən həmin hərbi qarşıdurmanın tarixi nəticəsini 2020-ci ildə artıq Azərbaycan Ordusu müəyyənləşdirdi.

28 il əvvəl Abdal–Gülablı istiqamətində mövqelərini itirməyə məcbur olan Azərbaycan əsgərinin davamçıları 2020-ci ildə Qarabağda tamamilə fərqli ordu ilə döyüş meydanına çıxdılar.

Güclü, müasir və vahid komandanlıq altında hərəkət edən Azərbaycan Ordusu 44 günlük müharibədə Ermənistan ordusunu məğlub edərək onilliklər boyu işğal altında saxlanılmış Azərbaycan torpaqlarını azad etdi.

Abdal və Gülablının 1992-ci ildə başlayan 28 illik işğal tarixi də Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı.

Musavat.com