Nurlan Həsənov əslində kimin qohumudur? – Araşdırma
Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunaraq istintaqa cəlb edildikdən sonra mediada və sosial şəbəkələrdə Ramiz Mehdiyevin özüylə yanaşı onun yaxın ətrafı haqqında da müxtəlif məzmunlu məlumatlar yayılır. Bu da təbiidir, hazırda “Boz kardinal”ın özü, yaxın ətrafı, əlaqələri, topladığı sərvət, gizli əlaqələri və s. barədə materiallar özünə böyük oxucu auditoriyası toplayır.
Lakin həmişə olduğu kimi, yaranmış münbit şəraitdən sui-istifadə edən, Ramiz Mehdiyev mövzusunu hansısa hesablaşma, şantaj, qarayaxma aləti kimi istismaq edənlər də, bir neçə gündür ki, “meydan sulayır”. Ən müxtəlif sahələrdə çalışan şəxsləri - məmurları, deputatları, iş adamlarını yerli-yersiz, əsaslı-əsassız Mehdiyev, Əli Həsənov və onların yaxın çevrəsi ilə əlaqələndirmək tendensiyaya çevrilib. Bəzi faktlar ictimaiyyətə məlumdur, ötən onilliklərdə baş vermiş hadisələr indiki nəslin gözü qarşısında olub, ona görə kimi gəldi Ramiz Mehdiyevə bağlamaq da əks reaksiya yaradır. Çünki bu cür dezinoformasiyaların dövriyyəyə buraxılması, müxtəlif şəxslərin hakimiyyətdə, biznesdə öz rəqiblərini, münaqişədə olduğu şəxsləri “qara piar”ın köməyi ilə sıradan çıxarmaq cəhdi kimi görünür.
Məsələn, son günlər bəzi saytlarda əslən Şərur rayonundan olan Nurlan Həsənov Prezidentin keçmiş köməkçisi Əli Həsənovla əlaqələndirilir, onlar qohum və biznes şəriki kimi təqdim olunur. Üstəlik, N.Həsənov barəsində heç bir əsası olmayan yalan informasiyalar tirajlanır.
Halbuki, Nurlan Həsənovla Əli Həsənovun heç bir qohumluq əlaqələri və hansısa şəriklik münasibətləri yoxdur və olmayıb. Şərur camaatı və onu yaxından tanıyanlar arasında böyük hörmət sahibi olan Nurlan Həsənov mərhum Prezident Heydər Əliyevin yaxın silahdaşı, Azərbaycan Ali Sovetinin üzvü, istiqlalçı deputat Allahverdi Həsənovun qardaşı oğludur. A.Həsənov vaxtilə Ali Sovetdə Heydər Əliyevə hücumlar olanda onu çəkinmədən müdafiə edən deputatlardan biri idi və bunu sübut edən videokadrlar da var. Yəni, Nurlan Həsənov kökdən Əliyevçi bir nəslin nümayəndəsidir və indi onu kimlərəsə bağlamaq, soyad oxşarlığına görə kimlərləsə qohum kimi təqdim etmək və beləliklə də ləkələmək cəhdləri şantajdan başqa bir şey deyil.
Onu da qeyd edək ki, N.Həsənovun guya Əli Həsənovla, Ramiz Mehdiyevlə qohum və yaxın olduqlarını bir müddət əvvəl “LAF TV”-yə müsahibəsində Əflan İbrahimov adlı hansısa partiya sədri də iddia edib. Lakin bu televiziyanın aparıcısı, tanınmış jurnalist Ləman Ələşrəfqızı dünən bunu təkzib edən videomaterial yayımlayıb.
“AzPolitika.info”