Sosial şəbəkədə biz:
AYNA-nın qalmaqallı işçisi azad mediaya qarşı
Xəbər Şəkli

AYNA-nın qalmaqallı işçisi azad mediaya qarşı

25 February 2026, 08:20
Cəmiyyət

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)  Gəncə Regional İdarəsinin rəisi Müzamil Həsənovun növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Bir müddət əvvəl Avropada yaşayan blogger Tural Sadıqlıya yerli hökumət strukturlarının fəaliyyəti barədə mənfi xaraktelri məlumatlar ötürən Müzamil Həsənov bu dəfə yerli media orqanı olan gencexeber.az portalının fəaliyyətini təftişi və deputat Naqif Həmzəyevə böhtanı ilə gündəmə gələrək, ziddiyyətli fikirlər səsləndirib.

Belə ki, AYNA rəsmisi sosial şəbəkə hesabında  iddia edib ki, adıçəkilən media quruluşu Gəncədən ancaq tənqidi materiallar yayır və paralel olaraq deputat Naqif Həmzəyevin çıxışlarını dərc edir. Ona görə də bu media orqanı deputata məxsusdur. O, bununla şəhər rəhbərliyi ilə deputat arasında nifaq toxumu səpməyə  cəhd edib.

Naqif Həmzəyevin özü isə  “Şərq”ə açıqlamasında bu paylaşıma münasibətini belə ifadə edib:

“Azərbaycanda media azaddır və hər bir xəbər portalı öz redaksiya siyasətini müstəqil şəkildə müəyyən edir. Fəaliyyətim, çıxışlarım və ictimai işlərim ölkənin yüzlərlə müxtəlif xəbər portalında, o cümlədən nüfuzlu televiziya və radiolarda müntəzəm olaraq işıqlandırılır. Bu, heç bir xəbər portalı və ya media orqanı ilə xüsusi əlaqənin deyil, sadəcə aktiv siyasi fəaliyyətin nəticəsidir. Daha çox Gəncə şəhəri ilə bağlı məsələlərə toxunduğum üçün bu, “Gəncəxəbər” saytının diqqətini cəlb edə bilər. Onlara mənimlə bağlı xəbərləri tirajlamağı qadağan edə bilmərəm.

Deputat kimi vəzifələrimdən biri də seçicilərə xidmət etmək, Gəncənin problemlərini səsləndirmək və həllinə kömək göstərməkdir. Bunu həmişə etmişəm və etməyə də davam edəcəyəm. Hər kəsi əsassız fərziyyələr əvəzinə, konkret faktlara inanmağa çağırıram”.

Onu da qeyd edək ki, Müzamil Həsənov parlament seçkilərində Naqif Həmzəyevə rəqib kimi ortaya çıxsa da onun Rusiya vətəndaşı olması üzə çıxmışdı və namizədliyinə xitam verilmişdi.

Görünür,  qalmaqallı məmur bu yolla köhnə məğlubiyyətinin heyfini almağa çalışır. Gununsesi.info-nun araşdırması zamanı o da bəlli olub ki, Həsənovun hədəfə aldığı media orqanı AYNA-nın yarıtmaz fəaliyyətini davamlı tənqid ilə seçilib.