Sosial şəbəkədə biz:
Əbülfəz Babazadə: ““Novruz” sözünün fars mənşəli olması faktdır”
Xəbər Şəkli

Əbülfəz Babazadə: ““Novruz” sözünün fars mənşəli olması faktdır”

26 March 2026, 10:48
Cəmiyyət

““Novruz” sözünün fars mənşəli olması faktdır. Bu məsələyə emosiya ilə deyil, filoloji və kulturoloji soyuqqanlılıqla baxmaq daha doğrudur. Amma bundan “Novruz bizə yad addır, onu mütləq dəyişməliyik” qənaətinə gəlmək düzgün deyil. Çünki mədəniyyətlər tarix boyu söz, rəmz və mərasim mübadiləsi ilə yaşayır, bir sözün etimologiyası başqa, onun yüzillərlə qazandığı mədəni mənsubiyyət isə tamam başqa məsələdir”. 

Bu sözləri Pravda.az-a açıqlamasında kulturoloq Əbülfəz Babazadə deyib.

O bildirib ki, məsələni “Novruz əvəzinə Bahar bayramı deyək” şəklində qurmaq da elmi baxımdan tam ardıcıl deyil: ““Bahar” sözünün özü də farsca bahar sözündən gəlir, bunu həm Türk Dil Qurumu, həm də etimoloji lüğətlər təsdiqləyir. Yəni “fars mənşəli sözü çıxaraq, yerinə daha milli ad qoyaq” arqumenti burada bir qədər öz ayağına güllə atır. Çünki təklif olunan alternativin kökü də eyni dil ailəsinə gedib çıxır. Kulturoloji və etnoloji baxımdan isə daha vacib məqam budur: Novruz tək bir xalqın deyil, geniş bir coğrafiyanın ortaq mədəni irsidir. UNESCO bu bayramı 3 mindən çox illik ənənə kimi təqdim edir, onun Balkanlardan Qafqaza, Mərkəzi Asiyadan Yaxın Şərqə qədər geniş arealda qeyd olunduğunu vurğulayır və 2009-cu ildə, sonra isə 2016-cı ildə genişləndirilmiş şəkildə, Azərbaycan da daxil olmaqla, bir neçə ölkənin birgə təşəbbüsü ilə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini göstərir. UNESCO-nun öz təqdimatında belə bu bayramın müxtəlif formaları yanaşı verilir: Nawrouz, Novruz, Nowruz, Navruz, Nevruz və s. Bu da göstərir ki, burada əsas olan təkcə ad yox, ortaq məna və yaşadılan ənənədir”.

Ə.Babazadə vurğulayıb ki, ən sağlam yanaşma Novruzu barış və ortaq dəyərlər bayramı kimi qəbul etmək olar: “Bu bayram baharın gəlişini, təbiətin oyanışını, ailə birliyini, qonşuluğu, paylaşmağı və yenilənməni simvolizə edir. UNESCO da Novruzun məhz sülh, nəsillərarası həmrəylik, barışma və mehriban qonşuluq dəyərlərini təşviq etdiyini vurğulayır. Yəni məsələni ayrışdırıcı “kimdən gəldi?” mübahisəsinə yox, birləşdirici “bugün biz bununla nəyi yaşadırıq?” sualına bağlamaq daha doğru olar. Bir cümlə ilə desək “Novruz” tarixi addır, “bahar bayramı” isə onun izahıdır. Gəlin bunları bir-birinə qarşı qoymayaq, əksinə bir-birini tamamlayan anlayışlar kimi qəbul edək ki, dünyada ortaq dəyərlər üzərində qurulan sülh daha əlçatan olsun”.

Qeyd: Uzun illərdir Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun Novruz bayramı ilə bağlı mübahisəli təklifi birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. O, bayramın adının dəyişdirilməsinin vacib olduğunu bildirib: “Biz niyə bayramımızın adını farslaşdırmalı və yaxud başqa dillərin təsiri altında saxlamalıyıq? Novruz bayramının adı əslində Bahar bayramıdır. "Novruz" sözü fars mənşəlidir – "nov" yeni, "ruz" isə gün deməkdir. Martın 20-21-də bahar gəlir və bu bayram da məhz baharın gəlişini simvolizə edir. Elə buna görə də onun adı Bahar bayramı olmalıdır”.