Müasir dövrdə insanların gündəlik həyat tərzi dəyişir. Bir çoxları işləməkdən alış-verişə, əyləncədən yemək sifarişinə qədər bütün ehtiyaclarını evdən çıxmadan qarşılamağa üstünlük verir. Bu isə "divan iqtisadiyyatı" adlanan yeni istehlak modelinin genişlənməsinə səbəb olur.
Bu anlayış əsasən insanların evdə seriallara baxması, sosial şəbəkələrdə vaxt keçirməsi, onlayn oyunlar oynaması, məsafədən işləməsi və yeməklərini çatdırılma xidmətləri vasitəsilə sifariş etməsini əhatə edir.
Bu tendensiyanın genişlənməsi xüsusilə koronavirus pandemiyası dövründə sürətlənib. Həmin vaxt kinoteatrlar, restoranlar və ofislər bağlanıb, insanların gündəlik fəaliyyəti onlayn müstəviyə keçib. Məhdudiyyətlər aradan qalxsa da, formalaşan vərdişlər dəyişməyib.
Daimi stress və yorğunluq da insanları evdə qalmağa, rahatlıq zonasından çıxmamağa sövq edir. Onlayn kinoteatrlar, çatdırılma platformaları və digər rəqəmsal xidmətlər isə bu tələbatdan qazanc əldə edirlər.
Maraqlıdır ki, evdən çıxmadan xidmətlərdən yararlanmaq rahat olsa da, bu seçim hər zaman daha sərfəli deyil. Məsələn, mağazadan birbaşa alış-veriş etmək onlayn sifarişlə müqayisədə daha ucuz başa gələ bilər. Buna baxmayaraq, insanlar vaxtlarına və rahatlıqlarına qənaət etmək üçün əlavə ödəniş etməyə hazırdırlar.
Digər tərəfdən, onlayn xidmətlərə uyğunlaşmayan şirkətlər müştərilərini itirmək riski ilə üzləşirlər. Beləliklə, insanların evdən çıxmadan yaşamağa üstünlük verməsi həm istehlak vərdişlərini, həm də biznes mühitini dəyişdirir.