Ölümdən sonra qurulan məhkəmə: Günahı necə sübut edir?
Cəmiyyətdə hüquqi prosedurlarla bağlı maraq doğuran məqamlardan biri də ölümündən sonra şəxslər barəsində cinayət işinin başlanmasıdır.
Bəzən xəbərlərdə “ölən şəxs barəsində cinayət işi açılıb” kimi məlumatlarla qarşılaşırıq. Bu isə cəmiyyətdə müxtəlif suallar yaradır. Çünki vəfat etmiş şəxs artıq özünü müdafiə etmək imkanına malik deyil.
Məsələn, Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb. Ölümündən sonra həmin şəxsə cinayət işi açılıb.
Belə hallarda cinayət işinin hansı məqsədlə açıldığı, bunun hüquqi əsasları və mərhumun hüquqlarının necə qorunduğu suallar yaradan məsələlərdən biridir.
Vəfat etmiş şəxslə bağlı hansı hallarda cinayət işi açıla bilər? Vəfat etmiş insan artıq özünü müdafiə edə bilmədiyinə görə istintaqın obyektivliyi necə təmin olunur?
Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında hüquq müdafiəçisi Samir Zeynalov bildirib ki, məhkəmə nəticədən asılı olaraq ya bəraətlə işə, ya da cinayət tərkibi varsa, cəza icra olunmadan icraata xitam verir:
“Qanunvericilikdə zərərçəkmiş şəxslərin hüquqi varisləri olduğu kimi, təqsirləndirilən şəxslərə münasibətdə də hüquqi varis anlayışı qəbul olunur. Belə ki, təqsirləndirilən şəxsin də yaxın qohumları, ailə üzvləri onun hüquqi varisi qismində çıxış edə bilərlər.
Bəzi hallarda vəfat etmiş şəxslərin əməllərində cinayət tərkibinin olmasına dair ehtimallar yaranır. Belə olan təqdirdə təqsirləndirilən şəxsin hüquqi varisin cinayət tərkibinin araşdırılmasının davam etdirilməsinə razılıq vermək və ya işin istintaqında xitam verilməsini tələb etmək haqqı var”.
O qeyd edib ki, bəzən ölən şəxsin əməlində cinayət tərkibinin olub-olmaması ilə bağlı ehtimal yaranır:
“Ölən təqsirləndirilən şəxsin hüquqi varisi tələb edə bilər ki, hüquqi varisi olduğu şəxsin əməlində heç bir cinayət tərkibi olmadığına görə məhkəmə qaydasında təsdiqlənərək bəraət verilsin.
Belə olan təqdirdə iş məhkəməyə qədər aparılır və məhkəmə təqsirləndirilən şəxsin əməlində heç bir cinayət tərkibinin olmadığı qənaətinə gəlsə, cinayət işinə bəraət verilməklə xitam verir.
Lakin məhkəmə təqsirləndirilən şəxsin əməlində həqiqətən də cinayət tərkibinin mövcud olması qənaətinə gəlsə, ona cəza təyin olunacaq, lakin şəxsin vəfat etməsi səbəbilə həmin cəza icra olunmayacaq və belə olan halda da icraata xitam veriləcək”.