Sosial şəbəkədə biz:

Rəşad Məciddən Sevda Ələkbərzadənin süni intellektlə bağlı narahatlığına cavab

Rəşad Məciddən Sevda Ələkbərzadənin süni intellektlə bağlı narahatlığına cavab
Xəbər Şəkli
04 September 2026, 15:30
Cəmiyyət

Əməkdar artist Sevda Ələkbərzadə son zamanlar süni intellektlə hazırlanan mahnıların geniş yayılmasından gileylənib.

 

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

“Hara gedirsən, hər yerdə robot (süni intellekt) oxuyur. Bezdim, vallah…”

 

Mətbuat Şurasının sədri, yazıçı-publisist Rəşad Məcid müğənninin bu fikirlərinə münasibət bildirib. O, Sevdanın sənətkarlığını və özünəməxsus səsini önə çəkərək, süni intellektin onu əvəz edə bilməyəcəyini vurğulayıb:

 

“Sevda Ələkbərzadə qeyri-adi səsi, özünəməxsus tembri, məşhur mahnıları fərqli improvizələrlə təqdim etməsi və ifa tərzi ilə hər zaman sevilib, böyük rəğbət qazanıb. Süni intellekt Sevda Ələkbərzadəni əvəz edə bilərmi?

 

Sevimli müğənnimiz, Əməkdar artist Sevda Ələkbərzadənin süni intellektlə bağlı narahatlıq doğuran fikirlərini sosial mediadan oxudum. Onun səsi insan ruhunun ən incə tellərinə toxunan, duyğuları riqqətə gətirən nadir səslərdəndir.

 

Əminəm ki, heç bir süni intellekt onun füsunkar səsini, sənətkarlığını və ifa ruhunu əvəz edə bilməz. Bu mənada belə əvəzolunmaz səs sahibinin zövqləri primitivləşdirən, bayağılıq aşılayan süni intellekt ifalarından narahatlıq keçirməsi düşündürücüdür”.

 

R.Məcid vurğulayıb ki, müğənni Sevdanın fikirləri ilk baxışda kiməsə sadə bir giley kimi görünə bilər, amma bu sözlərin arxasında sənətin gələcəyi ilə bağlı ciddi və üzərində düşünməli bir sual dayanır:

“Süni intellektin meydan suladığı indiki dövrdə insanın yaratdığı sənət öz yerini qoruyub saxlaya biləcəkmi?”