Məşhur uşaq kardioloqu Elnur İmanova aid olduğu iddia edilən səs yazısından sonra ciddi müzakirələr başlayıb.
Həkim suallarımızı eşitdikdən sonra 3-4 cümləlik açıqlama ilə bunun qurama olduğunu, kimlərinsə onu oyuna çəkməyə çalışdığını bildirdi.
Biz E.İmanovun mövqeyi ilə birlikdə xəbəri yaydıq. Çünki məqsədimiz hansısa həkimə zərər vurmaq, kiminsə hüququnu tapdalamaq, ifşa şousu düzəltmək deyildi.
Bütün fəaliyyətimiz boyu peşəkar həkimləri yalan ittihamlardan qorumağa, onları tanıtmağa, insanları öz sahəsini sevən, bilən, bacarıqlı həkimlərə yönəltməyə çalışmışıq.
Səs yazısından sonra E.İmanovu da Azərbaycan səhiyyəsinə verdiyi töhfələri, təcrübəsini, keçdiyi yolu, statusunu nəzərə alıb, redaksiyamıza dəvət elədik. İstədik ki, gəlsin, geniş açıqlama versin və özü haqqında yaranmış təsəvvürün dəyişməsinə imkan yaransın.
Amma təəssüf ki, həkim redaksiyaya gəlmədi. Əvəzində öz sosial şəbəkə hesabında "BakuPost"a ünvanlanan ittihamlarla dolu paylaşım etdi.
Doktor bildirir ki, bu səs süni intellektlə hazırlanıb, ona və işlədiyi müəssisəyə qarşı təxribatdır.
Bununla razılaşmaq olardı, amma izaha ehtiyac yaranır: Səs yazısındakı kart nömrəsi həkimlə necə əlaqələndirilir?
E.İmanov deyir ki, həmin kart ona aid deyil. Halbuki hər kəs bankın mobil tətbiqində bu rəqəmləri yığsa, həkimin adının çıxdığını görəcək.
Doktor “Bakupost”u ittiham edir ki, tam və aydın açıqlama almamışıq. Halbuki ondan açıqlama almaq üçün bir neçə dəfə cəhd etmişik, sonda isə suallarımızı dinləyib cavablandırıb, cavabını da həmin materialda təqdim etmişik. “Tam” açıqlama versəydi, dediyi kimi də yazacaqdıq. Yəni açıqlaması nədirsə, onu da yayımlamışıq.
E.İmanov bildirir ki, jurnalist səsi ekspertizadan keçirməlidir, sonra yaymalıdır. Bir redaksiya bəzən gündə onlarla səs yazısı ilə işləyir. Onların hamısını ekspertizaya göndərməyə cəhd etsə, proses faktiki iflic olar. Üstəlik, media nə vaxtdan məhkəmə orqanı olub? Jurnalistika sahəsində nə qanunvericilik, nə də etik prinsiplər hər bir səs yazısının ekspertizadan keçirilməsini məcburi tələb edir. Əsas məsələ mənbənin etibarlılığı və məlumatın mümkün qədər yoxlanılmasıdır ki, biz də bunu nəzərə almışıq.
İkincisi, bu sadəcə bir nümunədir. Əslində bu prosesin necə işlədiyi barədə daha geniş məlumata malikik. Təəssüf ki, iddialara görə, Elnur İmanov kimi tanınmış həkimlər də bu mexanizmin tərkib hissəsinə və ya qurbanına çevriliblər. Redaksiyamıza daxil olan məlumatlar həmin prosesin həm tibbi sığorta sistemi, həm də pasientlərdən vəsaitlərin toplanması ilə bağlı müəyyən mexanizmlər üzərində qurulduğunu göstərir.
Lakin hazırkı mərhələdə bu detalları ictimailəşdirməyi doğru hesab etmirik. Məqsədimiz hər hansı şəxsi hədəfə çevirmək deyil, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının diqqətini mümkün iddialara yönəltmək və onların araşdırılmasına şərait yaratmaqdır.
Bəlkə də Elnur İmanov doğrudan da çox yaxşı həkimdir və xidmətləri çoxdur, Azərbaycan səhiyyəsi üçün vacib adamdır. Buna görə də çox böyük postlar tutub. Amma bu səlahiyyətlər, postlar, uğurlar onu məsuliyyətdən azad eləmir. Hər kəs qanun qarşısında cavab verməlidir.
Əminik ki, aidiyyəti qurumlar məsələni detallı şəkildə araşdıracaq, bütün iddialara aydınlıq gətirəcəklər.
Sadəcə, tanınmış bir həkimin məsələyə aydınlıq gətirmək yerinə, media qurumuna qarşı ağır ittihamlar səsləndirməsi yolverilməzdir və bunu mediaya qarşı təzyiq kimi qəbul edirik.
Və sonda… həkimlə danışığımız zamanı məlum oldu ki, artıq məsələ Sumqayıt Şəhər Prokurorluğu tərəfindən nəzərəti götürülüb və ifadəsi alınmaqdan ötrü həkim Elnur İmanov quruma dəvət olunub.