Yol polisindən şikayət: "Dedi ki, məcburi köçkün olduğuna görə 100 manat keçə bilərik"
Bərdədə yaşayan və fərdi yük maşınıyla kənd təsərrüfatı məhsullarının daşınmasıyla məşğul olan sürücü yol polisinin qanunsuz hərəkətləri üzündən özünə və ailəsinə ziyan dəydiyini deyir. Heç bir qayda pozuntusu olmadığı halda, maşınının 23 gün cərimə meydançasında saxlandığını vurğulayan A.Abbasov buna görə 10 min manat kompensasiya istəyir. Məhkəmə də bu məsələdə onu haqlı sayıb. Məbləğ istədiyi qədər olmasa da, yol polisinin qanunsuz hərəkətinə görə ona 500 manat kompensasiya ödənilməsinə qərar verilib.
A.Abbasov Ağdamdan məcburi köçkün olduğunu söyləyir, Bərdədə məskunlaşıb. O, 11 ildir ki, həmin yük maşını ilə kənd təsərrüfatı məhsullarını Bakıya və rayonlara daşımaqla ailəsini dolandırır. Qəbələdən qayıdarkən Bərdə şəhərində 99-YP-543 dövlət nömrə nişanlı maşında olan yol polisi onu saxlayıb: "Dedilər, rəisin göstərişidir. Maşını buraxmaq, protokol yazmamaq üçün 300 manat pul istədilər. Bildirdim ki, bütün sənədlərim qaydasındadır, heç bir qaydanı pozmamışam, o qədər də pulum yoxdur. Yoldaşım xəstə, uşaqlarım tələbədir, ailəmi güc-bəlayla dolandırıram. Dedi ki, məcburi köçkün olduğuna görə 100 manat keçə bilərik, 200 manatdan aşağı olmaz. Tapıb bunu da verə bilmədim".
Yol polisinin iddiası əsassız sayılıb
Yol polisi maşını cərimə meydançasına aparıb. Ardından sürücüyə SMS gəlib. Məlum olub ki, onun haqqında İnzibati Xətalar Məcəlləsinin 342.2.2 (sürücü tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi) maddəsiylə protokol tərtib olunub. Onu maşına konstruksiyadankənar avadanlıq quraşdırmaqda suçlayaraq 150 manat cərimələyiblər.
Sürücü bu qərarla razılaşmayıb və onun ləğvi üçün məhkəməyə üz tutub. O bildirir ki, maşın 2001-ci ildə necə istehsal olunubsa, o vəziyyətdədir. Dəfələrlə texniki baxışdan keçib. Sonuncu texniki baxış ötən ilin dekabrında olub. 11 il ərzində yollarda qarşılaşdığı heç bir yol polisi də ona konstruksiya dəyişikliyi barədə nəsə deməyib.
Bərdə rayon Məhkəməsi onunla bağlı qərarı ləğv edib, barəsindəki inzibati xəta işi üzrə icraata da xitam verilib. Abbasov 23 gündən sonra nəqliyyat vasitəsini cərimə meydançasından çıxarıb.
Polis qərardan apellyasiya şikayəti verib. Yol polisi iddia edib ki, protokol əsaslı idi. Onlar vizual baxışla nəqliyyat vasitəsində normativ tələblərin pozulması, əlavə avadanlıq quraşdırılması qənaətinə gəliblər. Ancaq nəticə dəyişməyib – Gəncə Apellyasiya Məhkəməsi də birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
Kompensasiyanı Maliyyə Nazirliyi ödəməlidir
Sürücü cəriməni ödəməsə də, nəqliyyat vasitəsinin 23 gün cərimə meydançasında saxlanmasıyla ona dəymiş ziyanı tələb etməyə başlayıb. Onun sözlərinə görə, həmin 23 gün ərzində baş prokuror, daxili işlər naziri də daxil, müxtəlif yetkili şəxslərə məktub göndərib qanunsuzluğa son qoyulmasını, maşınının özünə qaytarılmasını xahiş etsə də, şikayətlərinə əhəmiyyət verilməyib: "Çox təəssüf edirəm ki, vətəndaş olaraq, müraciətlərimə saymazyana münasibət göstərildi. Mən o maşınla gündəlik qazandığım pula ailə saxlayıram, xəstə müalicə etdirirəm, axı. Bu hadisə mənə nə qədər stress də yaşatdı. Yol polisinin qanunsuz hərəkəti bizə həm maddi, həm də mənəvi ziyan vurdu".
Abbasov kompensasiya tələbiylə məhkəmə iddiasında cavabdeh kimi Maliyyə Nazirliyini göstərsə də, nazirlik bununla razılaşmır: "Maliyyə Nazirliyi tərəfindən bu şəxsə qarşı onun hüquq və azadlıqlarını pozan, zərər vurulmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməyib".
Məhkəmə bu arqumenti əsassız sayıb. Vurğulayıb ki, vətəndaş hüququnun pozulmasına görə dövlətdən kompensasiya tələb edir. Dövlət maliyyəsinin idarə olunması da Maliyyə Nazirliyinin yetkisindədir. Bu üzdən, kompensasiyanın ondan tələb olunması ağlabatandır. Nəsimi rayon Məhkəməsi vətəndaşın xeyrinə qərar çıxarıb. AzadlıqRadiosu