Sosial şəbəkədə biz:

Yüksək bal topladınız, bəs sonra?

Yüksək bal topladınız, bəs sonra?
Xəbər Şəkli
26 August 2026, 09:57
Cəmiyyət

Sabiq deputat, təhsil eksperti Etibar Əliyev yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrə tövsiyələr verib.

Ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, tələbələrə ali məktəb müəllimlərinin auditoriyada verdiyi biliklərlə kifayətlənməməyi, əlavə ədəbiyyatlar axtarmağı və hər gün elmi dilin öyrənilməsi üzərində çalışmağı tövsiyə edib.

E.Əliyev bildirib ki, tələbələr anlayışlardan qorxmamalı, onların mənasını öyrənərək elmi terminlərdən rahat istifadə etməlidirlər. O, həmçinin elmi-populyar ədəbiyyatların oxunmasının dünyagörüşünü genişləndirdiyini vurğulayıb.

Ekspert tələbələrə universitet kitabxanasına üzv olmağı, ensiklopediya və lüğətlərdən istifadə vərdişi formalaşdırmağı, evdə şəxsi kitabxana yaratmağı məsləhət görüb.

O qeyd edib ki, yalnız ixtisas üzrə kitablar oxumaq yetkin mütəxəssis kimi formalaşmaq üçün kifayət deyil:

“Öyrənməyə sərf olunan zaman qazanılmış zamandır”.

Sabiq deputat tələbələrə dərs zamanı telefondan istifadə etməməyi, bütün diqqətlərini müəllimə yönəltməyi və müəllimlərə suallar verməyi tövsiyə edib. Onun sözlərinə görə, müəllim də tələbəsindən öyrənə bilər.

Təhsil eksperti tələbələrin oxuduqları kitablar barədə biliklərini tələbə yoldaşları ilə bölüşməsinin vacibliyini də qeyd edib. O, həmçinin ixtisasdan asılı olmayaraq fəlsəfə, psixologiya və sosiologiya elmlərinin öyrənilməsini tövsiyə edib.

O,  tələbələrə tədqiqat aparmaq bacarıqlarını inkişaf etdirməyi, universitetdə öz uğurlarını təqdim etmək üçün şərait yaradılmasını tələb etməyi və gələcək həyatları üçün faydalı əlaqələr qurmağı məsləhət görüb.

“Əgər siz bu gün addım atmasanız, sabah qaçmağa məcbur olacaqsınız!”

Ekspert vurğulayıb ki, universitet geniş biliklər qazanmaq və peşəkar həyata qədəm qoymaq üçün imkanlar yaradır. Tələbələrin müstəqil şəkildə əldə etdiyi biliklər isə universitetin missiyasını daha da genişləndirə bilər.

“Əgər siz universiteti bitirdikdən sonra hər yerdə və hər zaman balıq özünü suda hiss etdiyi kimi hiss etmək və cəmiyyətin dəyərli üzvü olmaq istəyirsinizsə, tənbəllik etməyə vaxtınız olmamalıdır!”

E.Əliyev paylaşımının sonunda yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrə müraciət edib:

“Sizdən çox şeylər gözləyirik. Bilirik ki, ümidlərimizi doğruldacaqsınız”.