ABŞ İrana qarşı başlatdığı müharibədə itkilərinin sayını açıqlayıb
ABŞ İrana qarşı başladığı müharibədən bəri təxminən 140 hərbçisinin yaralandığını təsdiqləyib.
Pentaqon martın 10-da yaydığı açıqlamada bildirib ki, yaralanan hərbçilərin əksəriyyətinin vəziyyəti yüngüldür.
Pentaqonun sözçüsü Şon Parnell deyib ki, “Epic Fury” əməliyyatı başlayandan bəri 10 gün ərzində davam edən hücumlar nəticəsində təxminən 140 ABŞ hərbçisi yaralanıb.
Onun sözlərinə görə, yaralananlardan 108 nəfər artıq xidmətə qayıdıb, səkkiz hərbçi isə ağır yaralı kimi qeyd olunur və yüksək səviyyəli tibbi yardım alır.
Açıqlama “Reuters” agentliyinin iki anonim rəsmiyə istinadən yaydığı xəbərin ardından verilib. Həmin xəbərdə müharibənin ilk 10 günündə 150 ABŞ hərbçisinin yaralandığı bildirilirdi.
ABŞ ordusu həmçinin İranın regiondakı hücumları nəticəsində yeddi hərbçinin öldüyünü təsdiqləyib. Ordu martın 10-da bildirib ki, səkkizinci hərbçi Küveytdə “səhhəti ilə bağlı insident” nəticəsində həyatını itirib.
İran isə ABŞ və İsrailin bombardman kampaniyasına cavab olaraq İsrailə və Yaxın Şərqdəki ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.