Florida danışıqlarında razılaşma əldə olunmayan tək məsələ açıqlandı
Floridada ABŞ-Ukrayna danışıqlarında Ukrayna üçün Qərb təhlükəsizlik zəmanətləri məsələsi həll olunmamış qalıb.
Məlumatı "The Wall Street Journal" mənbələrə istinadən yayıb. Qəzetin yazdığına görə, 30 noyabr danışıqları zamanı tərəflər bir sıra mövzulara, o cümlədən Ukraynada seçkilərin keçirilməsi perspektivlərinə və ərazi məsələsinə toxunublar. Müzakirələr zamanı Kiyev üçün təhlükəsizlik zəmanətləri də müzakirə olunub, lakin qəzetin qeyd etdiyi kimi, bu məsələ hələ də həll olunmayıb.
Qəzetə danışan ABŞ rəsmisinin sözlərinə görə, danışıqlarda Ukraynada mümkün yeni seçkilər, eləcə də Rusiya ilə Ukrayna arasında ərazi "mübadiləsi" perspektivləri müzakirə olunub. Lakin ən azı bir məsələ həll olunmayıb: "Digər vacib məsələlər, o cümlədən ABŞ və Qərbdən Ukraynanın təhlükəsizlik zəmanətlərinin təbiəti, eləcə də Kremlin "işğal olunmuş ərazilərin" beynəlxalq səviyyədə tanınmasını tələb etməyə davam edib-etməyəcəyi hələ də həll olunmayıb".
WSJ-nin qeyd etdiyinə görə, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar dörd saatdan çox davam edib. ABŞ dövlət katibi Marko Rubio danışıqların mürəkkəb olduğunu əlavə edərək irəliləyiş əldə etdiklərini bildirib.
WSJ mənbəyinin verdiyi məlumata görə, bazar günü keçirilən danışıqlardan sonra Trampın xüsusi elçisi Stiv Vitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner danışıqları davam etdirmək üçün bu gün Rusiyaya uçacaqlar.
Musavat.com