İtalya mafiyasının lideri Cüzeppe Palermon həbs edilib
Kolumbiyanın paytaxtı Boqotada keçirilən beynəlxalq əməliyyat nəticəsində Latın Amerikasında geniş fəaliyyət göstərən İtalyan mafiyası “Ndrangheta”nın tanınmış lideri Cüzeppe Palermon (ləqəbi Pepo) saxlanılıb.
Bu barədə ölkə prezidenti Qustavo Petro X sosial şəbəkəsində məlumat verib.
Prezident qeyd edib ki, əməliyyat Böyük Britaniya, İtaliya və Avropolun birgə əməkdaşlığı ilə həyata keçirilib. O, Palermonun 196 ölkədə axtarışda olduğunu və əsasən Kolumbiya, Ekvador və Peru kimi ölkələrdən Avropaya narkotik maddələrin daşınması ilə məşğul olduğunu vurğulayıb.
Əməliyyat zamanı Palermonun yanında daha 21 nəfər mütəşəkkil cinayətkarın da həbs edildiyi bildirilir. Bu əməliyyat beynəlxalq hüquq-mühafizə orqanlarının narkotik ticarətinə qarşı apardığı mübarizədə mühüm uğur kimi qiymətləndirilir.