Neft yenə bahalanır – "Gərginliyin azalacağına oxşamır"
Aprelin 24-də neft qiymətləri yenidən yüksəlib. Bahalaşmanın səbəblərindən biri İranın Hörmüz boğazında xüsusitəyinatlıların yük gəmisinə çıxması barədə görüntülər yaymasıdır. Digər tərəfdən, bu strateji su yolunun yenidən açılması istiqamətində heç bir irəliləyiş müşahidə olunmur.
Müharibə başlamazdan əvvəl qlobal neft hasilatının 1/5-nin daşındığı boğaz hazırda faktiki olaraq bağlıdır. Üstəlik, ABŞ İran limanlarına qarşı dəniz blokadası tətbiq etsə də, Tehran iki yük gəmisini ələ keçirib.
"Brent" markalı neft fyuçerslərinin bir bareli 107 dollara yüksəlib. ABŞ-nin "Qərbi Texas" nefti isə 96.61 dollar olub.
"Gərginliyin azalması ilə bağlı heç bir əlamət yoxdur", - PVM neft broker şirkətinin eksperti Tamas Varqa "Reuters"ə bildirib.
ABŞ prezidenti Donald Tramp deyib ki, ikihəftəlik atəşkəs dövründə İran silah sayını "bir qədər" artıra bilər, lakin ABŞ ordusu bunu bir gün ərzində məhv edəcək. Tramp bu həftə atəşkəsin qeyri-müəyyən müddətə uzadılacağını da əlavə edib.
"Haitong Futures" analitikləri hesab edir ki, hazırkı atəşkəs getdikcə daha çox yeni müharibəyə hazırlıq mərhələsini xatırladır. Bildirilir ki, aprelin sonunadək sülh danışıqlarında irəliləyiş qeydə alınmazsa və hərbi əməliyyatlar bərpa olunarsa, neft qiymətləri ilin yeni maksimum həddinə yüksələ bilər.