Sosial şəbəkədə biz:
Netanyahu Qəzzada Türkiyə qüvvələrinə qarşı olmasına eyham vurub
Xəbər Şəkli

Netanyahu Qəzzada Türkiyə qüvvələrinə qarşı olmasına eyham vurub

23 October 2025, 08:15
Dünya

İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə təhlükəsizlik qüvvələrinin Qəzza zolağında hər hansı roluna qarşı olmasına eyham vurub. ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS ilə atəşkəs əldə olunandan sonra Qəzzada monitorinq missiyası, sabitləşdirici qüvvə yaradılmalıdır.

Netanyahu Yerusəlimdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens (JD Vance) ilə görüşüb. Vens prezident Donald Trampın atəşkəs planının gözlənildiyindən daha yaxşı getdiyini deyib.

Atəşkəs 12 gündür qüvvədədir, indi artıq diqqət ikinci mərhələyə yönəlib. Bu mərhələdə HƏMAS-ın tərksilahı və beynəlxalq nəzarət altında Qəzzanı idarə edəcək Fələstin komitəsinin yaradılması nəzərdə tutulub.

Qəzzada Türkiyə təhlükəsizlik qüvvəsinin olmasına dair suala cavabında Netanyahu deyib: “Bununla bağlı çox güclü fikirlərim var. Nələr olduğunu təxmin etmək istəyirsiz?”

“Reuters” Türkiyə XİN-dən açıqlama ala bilmədiyini, Müdafiə Nazirliyi isə şərh verməkdən imtina etdiyini yazır.

Vens bir gün öncə deyirdi ki, orada Türkiyə üçün “konstruktiv rol” ola bilər, amma Vaşinqton “öz torpaqlarında” xarici qüvvə ilə bağlı İsraili nəyəsə məcbur etməyəcək.

Qəzza müharibəsindən dolayı Türkiyə ilə İsrailin münasibətləri pisləşib. Amma HƏMAS-ın Tramp planına razılaşmasında rolu olduğu bildirilən Ankara beynəlxalq missiyada da rol alacağını deyib.

Ötən həftə "Politico" qəzeti Azərbaycanın İndoneziya və Pakistanla birgə Qəzzadakı stabilləşdirici qüvvəyə əsas iddiaçı olduğunu yazıb. Amma buna rəsmi münasibət açıqlanmayıb.

Qəzza razılaşmasına əsasən, HƏMAS 2023-cü ilin 7 oktyabrında əsir götürdüyü israilli girovlardan sağ qalanları buraxıb, öldürülən girovların isə meyitlərini təhvil verməyə başlayıb. Həmin hücumda 1200 nəfər öldürülmüşdü. İsrailin bundan sonra Qəzzada başlatdığı əməliyyatlarda azı 67 min fələstinli qətlə yetirilib.