Rubio seçkiöncəsi Paşinyana dəstək bildirib
ABŞ dövlət katibi Marko Rubio 7 iyun parlament seçkilər ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyana dəstəyini bildirib.
Yerevandakı Zvartnots hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla yanaşı danışan Rubio deyib: “Siz, baş nazir və bütün komandanız Ermənistan üçün daha parlaq və daha müstəqil gələcəyə yol açırsız. Burada onların cəsarətinə, baxışlarına, fədakarlıqlarına, ölkələrinin gələcəyini görmək iradələrinə dəstəyimi göstərməkdən çox məmnunam”.
2018-ci ildə korrupsiyaya qarşı küçə etirazları fonunda hakimiyyətə gələn Paşinyan parlament seçkilərində yenidən seçilməyə çalışır. O, ölkəsini Rusiyadan uzaqlaşdıraraq Qərbə yaxınlaşdırmağa çalışır.
Paşinyan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın üzvlüyünü dondurub. Yerevan mayın əvvəlində bir sıra Avropa liderlərinin qatıldığı sammitə ev sahibliyi edib. Sammitdə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edib və bu Moskvanı narazı salıb.
Kremlin sözçüsü Dmitri Peskov Rubionun səfərindən bir gün əvvəl deyib ki, hələ də Rusiya enerji resurslarından asılı olan Ermənistan Rusiyadan uzaqlaşarsa, “Rusiya qazı üçün çox, çox cəlbedici və hətta imtiyazlı qiyməti” itirə bilər.
Ermənistanın xarici işlər naziri Mirzoyan isə Yerevanın Vaşinqtonla münasibətlərinin yaxınlaşdığını vurğulayıb:
“İkitərəfli gündəliyimizdə vaxtaşırı və müntəzəm inkişafı nəzərə alsaq, şişirtmədən deyə bilərik ki, biz tarixi baxımdan görünməmiş bir mərhələyə daxil olmuşuq”.