Sosial şəbəkədə biz:
Saakaşvili: “Ətrafımdakı Rusiya agentinin təsiri altında Gürcüstana qayıtdım”
Xəbər Şəkli

Saakaşvili: “Ətrafımdakı Rusiya agentinin təsiri altında Gürcüstana qayıtdım”

22 May 2026, 10:24
Dünya

"İlk dəfə 2020-ci ildə qayıtmağı planlaşdırdığım zaman o əlaqə məlumatlarımı İvanişvili hökumətinə verdi”

Gürcüstanın üçüncü Prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili ətrafındakı "Rusiya agenti"nin təsiri altında Ukraynadan vətəninə qayıtmaq qərarına gəlib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, Saakaşvili bu barədə açıqlamanı 2007-ci ildə mitinqin dağıdılması işi üzrə Tiflis Şəhər Məhkəməsində keçirilən iclasda verib.

"Ətrafımda Rusiya agentləri fəaliyyət göstərirdi. Məni daim gəlməyə çağıran bir nəfər var idi", - Saakaşvili bildirib.

Siyasətçi sensasion bir etiraf edərək bildirib ki, vətəninə qayıtmaq üçün ilk cəhdi 2020-ci ildə baş verib, lakin uğursuzluqla başa çatıb. Saakaşvili bunun "xəyanət"in nəticəsi olduğunu düşünür.

"İlk dəfə 2020-ci ildə qayıtmağı planlaşdırdığım zaman o əlaqə məlumatlarımı İvanişvili hökumətinə verdi. Sonra icarəyə götürülmüş yaxtada Gürcüstan sahillərinə yaxınlaşdığımız zaman Batumidə həyəcan siqnalı verildi - onlar hər şeyi əvvəlcədən bilirdilər və mən geri dönməli oldum”, - sabiq Prezident vurğulayıb.

Saakaşvili əlavə edib ki, 2021-ci ilin oktyabr ayında sonuncu dəfə Gürcüstanda onunla görüşməli olan şəxs "iki saat sonra məlumatlarını" hakimiyyət orqanlarına təhvil verib: "Xəyanət olub və olacaq. Əsas məsələ buna dözməməkdir".

O Rusiya ilə əlaqəsi olduğuna inandığı insanların adını çəkməyib.

Qeyd edək ki, Saakaşvili 2013-cü ildə prezidentlik müddəti başa çatdıqdan sonra Gürcüstanı tərk edib. "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyası hakimiyyətə gəldikdən sonra ona qarşı bir neçə cinayət işi açılıb. O dövrdə siyasətçi Ukraynada yaşayırdı. Orada Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb və daha sonra Prezident Volodimir Zelenskinin rəhbərliyi altında Milli İslahat Şurasına rəhbərlik edib.

2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana qayıdıb və saxlanılıb. Məhkəmə artıq ona bir neçə iş üzrə həbs cəzası verib və daha bir neçə iş hələ məhkəmə baxışındadır.

2025-ci ildə prokurorluq ona qarşı yeni ittihamlar irəli sürüb - hakimiyyətin zorla dəyişdirilməsi çağırışları ilə bağlı. Bu ittihamlar siyasətçinin sosial media paylaşımlarından və məhkəmədə uzaqdan çıxışlarına əsaslanır.

Saakaşvili hazırda cəzasını Rustavi həbsxanasında çəkir.