2025-ci ilin büdcəsində azalan neft daxilolmalarını “ağarma” prosesi kompensasiya edib
2025-ci ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vasitəsilə dövlət büdcəsinə 12 milyard 455,8 milyon manat vergi daxil olub.
Dövlət Vergi Xidmətinin məlumatına görə, cari ilin 9 ayında bu xətt üzrə büdcəyə daxilolmalar 105,2 faizlə əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 425,3 milyon manat və ya 3,5 faiz artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 9 milyard 173,2 milyon manat təşkil edib və proqnozun 103 faizi yerinə yetirilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 755,7 milyon manat və ya 9 faiz artıb.
Ödənilən vergilərin 73,6 faizi qeyri-neft-qaz sektorunun, 26,4 faizi isə neft-qaz sektorunun payına düşüb. Ötən il bu bölgü 70 faiz və 30 faiz təşkil edib. Büdcə daxilolmalarında neft-qaz sektorunun payının kiçilməsi neft hasilatının azalması və bu istiqamətdə gəlirlərin aşağı düşməsi ilə əlaqədardır.
Müqayisə üçün, neft-qaz sektorunda vergi daxilolmaları 2023-cü ilin 9 ayında 5,4 milyard manat, 2024-cü ildə 3,6 milyard manat, 2025-ci ilin yanvar-sentyabrında isə 3,3 milyard manat təşkil edib. Beləliklə, bu il neft-qaz sektorunda vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz azalıb.
Neft hasilatının azalması büdcə daxilolmalarına təsir edir və bu istiqamətdə ödənişlər ildən-ilə azalır. Büdcənin vergi daxilolmalarındakı böyümə isə hazırda qeyri-neft-qaz sektoru hesabına baş verir.
Bununla yanaşı, dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarındakı artım tempi də aşağı düşməkdədir. Belə ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Vergi Xidməti vasitəsilə sözügedən sektordan daxilolmalardakı artım 1,2 milyard manat (19,3 faiz), 2024-cü ilin müvafiq dövründə 991,7 milyon manat (13,4 faiz) təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında isə bu böyümə 755,7 milyon manat və ya 9 faiz olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatından aydın olur ki, bu böyümə cari ildə muzdlu işçilərin və əməkhaqqı fondunun “ağarması” prosesi nəticəsində baş verib.
Məlumatda qeyd olunur ki, “ağarma” prosesi nəticəsində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 661,4 milyon manat olub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz və ya 500,1 milyon manat artıb.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 113,2 milyon manat təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 164,9 milyon manat olub. Bu artımın 126,1 milyon manatı qeyri-büdcə təşkilatları üzrə baş verib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 814,3 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalardakı artım 576,8 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri üzrə proqnozlar İqtisadiyyat Nazirliyi və onun yanında Dövlət Vergi Xidməti, həmçinin Dövlət Neft Fondu tərəfindən yerinə yetirilib. Dövlət Gömrük Komitəsinin və dövlət təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarında isə proqnozla müqayisədə kəsir qeydə alınıb.
Beləliklə, ilin 9 ayının yekununa görə, büdcənin gəlirləri 29 milyard 142,4 milyon manat təşkil edib. Bu da doqquz aylıq proqnozu 675,2 milyon manat və ya 2,4 faiz üstələyib.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 milyard 455,8 milyon manat, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 34,5 milyon manat, digər daxilolmalar 563,2 milyon manat təşkil edib.
Dövlət Neft Fondundan transfert isə 10 milyard 860,7 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 748 milyon manat təşkil edib və proqnozdan 2,6 faiz bənd aşağı qalıb.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 480,2 milyon manat təşkil edərək proqnoza qarşı 73,3 faiz icra olunub.
Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 9 ayı ərzində 24 milyard 668,2 milyon manat məbləğində icra edilib. Meydan.tv