2026-ci ilin dövlət büdcəsində kimləri nə gözləyir?
2026-cı il üçün icmal büdcənin gəlirləri 44 milyard 969,4 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2025-ci ilin büdcə proqnozları ilə müqayisədə 2,3 faiz və ya 1 milyard 18 milyon manat çoxdur.
İcmal büdcənin xərcləri isə 48 milyard 839,3 milyon manat məbləğində gözlənilir ki, bu da 2025-ci ilin təsdiq olunmuş büdcə proqnozundan 2,5 faiz və ya 1 milyard 209 milyon manat artıqdır.
İcmal büdcədə 3 milyard 870 milyon manat məbləğində kəsir proqnozlaşdırılır.
Qeyd edək ki, icmal büdcənin tərkibinə Dövlət Büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, Dövlət Neft Fondu, İşsizlikdən Sığorta Fondu, İcbari Tibbi Sığorta Fondu və Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri daxildir.
Neft Fondundan transfertlər 12,8 faiz azalır, vergi gəlirləri 8,2 faiz artacaq
2026-cı ilin dövlət büdcəsinin gəlirlərinə gəlincə, cəmi 0,7 faiz böyümə olacağı gözlənilir. Belə ki, gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin büdcə proqnozu ilə müqayisədə cəmi 253 milyon manat çoxdur.
Dövlət Neft Fondundan büdcəyə transfertlərin 2026-cı ildə 12,8 faiz azalacağı proqnozlaşdırılır. Belə ki, gələn il transfertlərin həcmi 12 milyard 835 milyon manat təşkil edəcək. Bu, 2025-ci ilin təsdiq olunmuş büdcəsinə nisbətən 1,6 milyard manat az, lakin 2024-cü ilin icra olunmuş büdcəsindəki transfertlərdən 0,4 faiz çoxdur.
Dövlət büdcəsindəki artımın əsasən vergi daxilolmaları hesabına baş verəcəyi gözlənilir. Ümumilikdə, vergi gəlirlərinin 8,2 faiz artacağı gözlənilir. Burada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) xətti ilə 1 milyard 410 milyon manat (8,3 faiz), Dövlət Gömrük Komitəsi xətti ilə isə 262 milyon manat (3,8 faiz) artım proqnozlaşdırılır.
Dövlət Vergi Xidmətinin 2026-cı il üzrə daxilolmaları 16 milyard 910 milyon manat məbləğində proqnozlaşdırılır. Daxilolmalarda ən böyük payın fiziki şəxslərin gəlir vergisi, əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi üzrə olması gözlənilir.
Qeyd edək ki, 2026-cı ilin 1 yanvar tarixindən fiziki şəxslərin gəlir vergisinə dair güzəştlərin ləğvi bu istiqamət üzrə büdcəyə 390 milyon manat həcmində əlavə gəlir yaradacağı proqnozlaşdırılır. Belə ki, 2026-cı ildə fiziki şəxslərin gəlir vergisindən daxilolmalar 2 milyard 379 milyon manat olacağı gözlənilir.
Hüquqi şəxslərin mənfəət vergisindən daxilolmalar 6 milyard 580 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin gözləntiləri ilə müqayisədə 3,6 faiz çoxdur.
Daha ciddi artımın əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalarda baş verəcəyi proqnozlaşdırılır – 4 milyard 466 milyon manat. Bu, 2025-ci ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə təxminən 16 faiz artım deməkdir.
Neft hasilatının azalması bu istiqamət üzrə mədən vergisindən daxilolmalara da təsir göstərir. Belə ki, 2026-cı ildə mədən vergisindən daxilolmaların 151 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da cari ilin büdcə proqnozlarına nisbətən 6 faiz azalma deməkdir. Ümumilikdə, bu istiqamətdə daxilolmaların dinamikası ildən-ilə azalmaqda davam edir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin icra olunmuş büdcəsi ilə müqayisədə bu göstərici üzrə təxminən 13 faiz azalma müşahidə olunur. Hasilatın azalması həm 2025-ci, həm də 2026-cı illərin büdcələrində bu istiqamət üzrə tam icranın təmin edilməsində müəyyən tərəddüdlər yaradır.
Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə daxilolmalar 6 milyard 862 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da cari ilin proqnoz göstəriciləri ilə müqayisədə 3,8 faiz çoxdur. Qeyd edək ki, 2025-ci ilin 9 ayının büdcə icrasına dair məlumatlara əsasən, DGK xətti ilə daxilolmalar üzrə proqnozlar tam icra olunmayıb. Bu baxımdan, büdcənin real icrası zamanı proqnozlaşdırılan artımların nə dərəcədə doğrulacağı, hökumətin həyata keçirəcəyi vergi–rüsum siyasətindən və dünya bazarında neftin qiymətindən asılı olacaq.
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə isə 13,8 faiz artım proqnozlaşdırılır. Belə ki, bu istiqamətdə 1 milyard 21 milyon manat məbləğində gəlir gözlənilir.
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər niyə azalacaq?
Büdcə daxilolmalarında diqqət çəkən məqamlardan biri, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərin azalmasıdır. 2026-cı ildə bu kimi müəssisələrin dövlət büdcəsinə ödəyəcəyi dividendlərin həcmi 600 milyon manat proqnozlaşdırılır.
Maliyyə Nazirliyi tərəfindən bir neçə bankda dövlətin səhm payının artırılması əvvəlki illərdə dividend daxilolmalarını bir neçə dəfə artırmışdı. Lakin gələn il bu istiqamətdə daxilolmalarda 2 faiz və ya 12,2 milyon manat azalma proqnozlaşdırılır.
Bu azalma, böyük ehtimalla, dövlətin bəzi banklardakı səhm payını azaltması və həmin müəssisələrin tədricən özəlləşdirməyə verilməsi ilə bağlı olacaq.
Müdafiə, məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarına ayırmalar artıb, “JEK” xərcləri azaldılıb
2026-cı il dövlət büdcəsinin xərclərinə gəlincə, bu istiqamətdə də cəmi 0,7 faiz artım gözlənilir. Belə ki, gələn il dövlət büdcəsinin xərcləri 41 milyard 703,6 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 296 milyon manat çoxdur.
Əsas sosial xərclər hesab edilən cari xərclər üzrə artımın 1,6 faiz olacağı proqnozlaşdırılır. Belə ki, cari xərclərin həcmi 25 milyard 161,2 milyon manat təşkil edəcək. Bu istiqamətdə 407,3 milyon manat artım gözlənilir.
Cari xərclərin funksional təsnifatına nəzər yetirdikdə, pensiya və sosial müavinətlərdə müəyyən artımların olacağı qənaətinə gəlmək olar. Belə ki, sosial müdafiə və sosial təminat xərclərində 121 milyon manat və ya 2,5 faizlik artım proqnozlaşdırılır. Çox güman ki, bu artım pensiya və təqaüdlərin illik inflyasiyaya uyğun indeksləşdirilməsi nəticəsində həyata keçiriləcək. Bu təsnifat üzrə xərclərin ümumi həcmi 4 milyard 873 milyon manat təşkil edəcək.
Müdafiə və milli təhlükəsizlik xərcləri 2026-cı ildə 8 milyard 714 milyon manat məbləğində təşkil edəcək. Bu da cari ilin büdcə proqnozu ilə müqayisədə 3,7 faiz və ya 318,6 milyon manat çoxdur.
Məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər 3 milyard 343 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş büdcə xərcləri ilə müqayisədə 151,6 milyon manatlıq artım deməkdir.
Təhsil və səhiyyə sektorlarında əməkhaqqı artımının nəzərdə tutulmadığını deyə bilərik. Belə ki, gələn ilin büdcəsində təhsil xərcləri 5 milyard 15 milyon manat proqnozlaşdırılır. Bu, cari ilin proqnozu ilə müqayisədə cəmi 78 milyon manat və ya 1,6 faizlik artım deməkdir.
Səhiyyə xərclərində isə cəmi 30 milyon manatlıq (1,5 faiz) artım proqnozlaşdırılır. 2026-cı ildə səhiyyə xərclərinin ümumi həcmi 2 milyard 24 milyon manat olacaq.
Maraqlıdır ki, gələn il Mənzil-Kommunal İstismar Sahəsinə ayrılan vəsaitlərdə azalma gözlənilir. Mənzil və kommunal təsərrüfat xərclər 334,5 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 35,4 milyon manat və ya 10,6 faiz azdır.
Büdcənin əsaslı xərclərinə gəlincə, Maliyyə Nazirliyinin məlumatına görə, bu göstərici 14 milyard 84,8 milyon manat olacaq. Bu da 2025-ci illə müqayisədə 169,3 milyon manat və ya 1,2 faiz azdır.
Bu istiqamətdə xərclər arasında dövlət investisiyaları 2,7 milyard manat məbləğində proqnozlaşdırılır.
Diqqət çəkən azalmalardan biri, əsas bölmələrə aid edilməyən xidmət xərclərinin 7,7 faiz və ya 135 milyon manat azalmasıdır. Qeyd edək ki, bu bölməyə Prezidentin Ehtiyat Fondu, büdcənin ehtiyat fondu və digər oxşar ehtiyat mənbələri daxildir. Gələn il dövlət büdcəsindən bu fondlara köçürüləcək vəsait 1 milyard 752 milyon manat olacaq.
Dövlət borcu və öhdəliklərinin yerinə yetirilməsi üçün ayrılacaq vəsait 2 milyard 457 milyon manat təşkil edəcək ki, bu da 2025-ci illə müqayisədə 58 milyon manat və ya 2,4 faiz çoxdur.
2026-cı ilin dövlət büdcəsinin kəsiri 3 milyard 94 milyon manat məbləğində proqnozlaşdırılır.