Azərbaycanda kərə yağı yenidən bahalaşır
Azərbaycanda kərə yağı bahalaşmaqda davam edir.
Paytaxt sakinlərinin AzadlıqRadiosuna deməsinə görə, son bir ildə xaricdən idxal edilən kərə yağında ortalama 3 manat civarında bahalaşma var.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarının təhlili göstərir ki, son bir ildə ölkəyə gətirilən kərə yağının dəyərində yüksəlmə, həcmində isə azalma var.
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana 124 milyon 127 min ABŞ dolları dəyərində 18 min 127 ton kərə yağı idxal edilib. Kərə yağı idxalı əvvəlki illə müqayisədə dəyər baxımından 20 faiz artıb, həcm baxımından isə 5.3 faiz azalıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 103 milyon 312 min ABŞ dolları dəyərində 19.2 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar gətirilib.
Hesabat dövründə Azərbaycana idxal olunan kərə yağının kiloqramının orta qiyməti illik müqayisədə 26 faiz artaraq 11.60 manat təşkil edib. Halbuki, hazırda Bakının marketlərində xarici kərə yağı ortalama 24-25 manata təklif edilir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə isə, son bir ildə heyvandarlıq sahəsində 1.1, ayrıca süd istehsalında 0.3 faiz artım olsa da, bunu kərə yağı istehsalı ilə bağlı demək mümkün deyil. Rəsmi statistikaya görə, bu ilin səkkiz ayında ölkədə 17 min 886.4 ton kərə yağı istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7.8 faiz azdır.
İqtisadçılar hesab edir ki, ölkədə kərə yağının bahalaşması həm xarici, həm də daxili amillərdən asılıdır. Onların fikrincə, bir tərəfdən, ölkəyə idxal edilən yağın qiymətində bahalaşma var, başqa tərəfdən, bir sıra daxili amillər, o cümlədən südün keyfiyyəti yağ istehsalının artımına imkan vermir.