Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar? - FOTOLAR
Son günlər keçmiş və indiki azərbaycanlı məmurların xaricdəki bizneslərinə dair müxtəlif yazılara, məlumatlara rast gəlinir. Belə xəbərlər bir daha Azərbaycandan oğurlanan, talanan vəsaitlərin xaricə daşınması mövzusunu gündəmə gətirib.
Təbii ki, bu işlərdə hansısa keçmiş icra başçısı xırda fiqurdur, daha böyük fiqurlar, adlar var. Keçmiş MTN naziri, məlum cinayətlərinə rəğmən bu gün də azadlıqda sərbəst dolaşan Eldar Mahmudovun oğlu Britaniya başda olmaqla, az qala Avropanın yarısında mülklərə, bizneslərə sahibdir. Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu da onun kimi. Sabiq Kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlunun Britaniyada təkcə rəsmən üzə çıxarılan 21 milyonluq mülkünün sənədləri dərc edilmişdi. Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlunun Türkiyədə 10 milyonlarla ölçülən böyük biznesinin olduğu, hətta onun Türkiyənin tanınmış müğənnisi Seda Sayanın doğulduğu evin binasını satın aldığı məlumdur.

Elə hazırda vəzifədə olanlar da bu məsələlərdə sabiqlərdən geri qalmır. Bir müddət əvvəl MSK sədri Məzahir Pənahovun ABŞ-də bizneslə məşğul olan oğlu ilə bağlı qalmaqal diqqət mərkəzinə gəlmişdi. Eləcə də Bəylər Əyyubovun qardaşı oğlunun böyük biznesilə bağlı faktlar üzə çıxmışdı. Hazırkı hökumətin “koloritli” simalarından biri, Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlunun biznesi isə Avropadan okeanın o tayına – Kanadaya qədər uzanır. Avropada daşınmaz əmlak biznesi ilə məşğul olan cənab Eyyubovun Kanadada da klinikaları var. Hətta bir müddət əvvəl Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dolların dondurulduğu barədə məlumat yayıldı…

Həmçinin də Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin Azərbaycandan oğurlayıb xaricə daşıdığı varidatın da bir hissəsilə bağlı eyni aqibət yaşandı. Yəni, bu adamlar çox zaman Azərbaycandan oğurladıqları pulların xaricdə düz-əməlli qorunmasını, idarə olunmasını belə təmin edə biləcək ağıla, bacarığa malik deyillər. Amma buna baxmayaraq, bu ağıl onlara Azərbaycanın sərvətlərini, büdcəsini talamağa, rüşvət, korrupsiya, fırıldaqçılıqla bu ölkədən milyonlar qazanmağa və xaricə daşımağa kifayət edib…

Məsələn, Əbülfəs Qarayevin qızının timsalında Azərbaycandan çıxarılan pulların “kreativ xərclənməsi” yolunu seçənlər də var. Atasının da başından böyük mövzulara girərək, Azərbaycanın tarixi şəxsiyyətlərinə dair birmənalı qarşılanmayan filmlər çəkilməsinə xərclənən pullar da, əlbəttə ki, Azərbaycandan oğurlanan pullardır…
Ancaq bu “biznesmenlərin” məmur atalarının millətə qoyduğu od yalnız talançılıqla və oğurladıqlarını xaricə daşımaqla bitmir. Bu adamlar həm də öz əməllərinə həyasızcasına don geyindirməklə millətə “dağ çəkirlər”. Məsələn, Hacıbala Abutalıbov açıqlamalarının birində oğlunun Türkiyədəki böyük biznesilə bağlı suala belə cavab verib: “Atası mənəm deyə, özünə iş qurmamalıdır, öz ailəsini dolandırmamalıdır?”
Nə deyəsən? “Sözün bitdiyi yer” buna deyirlər yəqin…
“AzPolitika.info”