Sosial şəbəkədə biz:
Bakıda nəqliyyat vasitələrinin ödənişli hərəkət zonaları yaradılacaq
Xəbər Şəkli

Bakıda nəqliyyat vasitələrinin ödənişli hərəkət zonaları yaradılacaq

20 September 2025, 09:13
Gündəm

Bakıda nəqliyyat vasitələrinin ödənişli hərəkət zonaları yaradılacaq. Bu, prezident İlham Əliyevin sentyabrın 19-da imzaladığı "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanında əksini tapıb.

Fərmana görə, Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç aya hazırlayıb prezidentə verməlidir.

Nəqliyyat vasitələrinin Bakı şəhərində ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun maliyyələşmə mənbələrindən biri olmalıdır. Həmin fondun da yaradılması dövlət başçısının fərmanında əks edilib. Həmçinin benzinin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin bir hissəsi Fonda köçürülməlidir.

Fərmana görə, Fondun vəsaitindən Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərləri, habelə Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarında müntəzəm sərnişin daşınmaları həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödənilməsi üçün istifadə edilə bilər.

Bu fərmanın 2.1.1-ci yarımbəndi (avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi) 2026-cı il yanvarın 1-dən, 2.1.2-ci yarımbəndi isə (nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq) 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son günlər Azərbaycan hökumətinə yaxın media orqanlarında ictimai nəqliyyatda qiymətlərin artırılacağı ilə bağlı məlumatlar yayılırdı. Rəsmi qurumlar belə məlumatlara münasibət bildirməsə də, ekspertlər bununla cəmiyyətin nəbzinin yoxlandığını düşünürdülər. Azərbaycanda sonuncu dəfə ictimai nəqliyyatda qiymətlər ötən il artırılıb.