Sosial şəbəkədə biz:
Bu il əhalinin dərmana çəkdiyi xərclər 24,3 faiz, yanacaq xərcləri isə 7,7 faiz artıb
Xəbər Şəkli

Bu il əhalinin dərmana çəkdiyi xərclər 24,3 faiz, yanacaq xərcləri isə 7,7 faiz artıb

12 December 2025, 08:24
Gündəm

Bu ilin yanvar–noyabr aylarında ölkədə adambaşına düşən aylıq xərc 520 manat təşkil edib. Bu məbləğin təxminən 54,5 faizi ərzaq, içki və tütün məhsullarına, 45,5 faizi isə qeyri-ərzaq məhsullarına yönəlib. Belə ki, əhalinin bir nəfəri orta hesabla ayda ərzaq, içki və tütün məmulatlarına 283,5 manat, qeyri-ərzaq məhsullarına isə 236,4 manat xərcləyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb. Pərakəndə ticarətin 29,5 milyard manatını ərzaq məhsulları, 2,8 milyard manatını isə içkilər və tütün məmulatlarının satışı təşkil edib. Ərzaq məhsullarına yönələn xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz, içkilər və tütün məmulatlarına çəkilən xərclər isə 2,5 faiz artıb.

Beynəlxalq standartlara görə, əhalinin aylıq istehlak xərcinin yarıdan çoxunun ərzaq məhsullarına yönəlməsi həm gəlir səviyyəsinin aşağı olması, həm də xüsusilə ərzaq bazarında inflyasiya proseslərinin daha yüksək olması ilə izah edilir.

Yanacağa 3,5 milyard, dərmanlara 1,4 milyard manat xərclənib

Cari ilin yanvar–noyabr aylarında qeyri-ərzaq mallarına çəkilən xərc isə 26,6 milyard manat təşkil edib. Bu dövr ərzində qeyri-ərzaq segmentində ən ciddi artım dərmanlar, kompüter və texniki avadanlıqlar, həmçinin benzin və dizel yanacağı üzrə qeydə alınıb.

Bu ilin 11 ayında yanacağın pərakəndə satışı 3,52 milyard manat təşkil edib. Yanacaq xərclərinin əhalinin istehlak səbətindəki çəkisi 6 faiz olub. Təsbit edilən məqamlardan biri odur ki, bu istiqamətdə xərclədiyi vəsait əvvəlki illə müqayisədə 7,7 faiz artıb.

Qeyri-ərzaq seqmentində ən böyük pay geyim əşyaları üzrə formalaşıb. Sözügedən kateqoriya üzrə 8,75 milyard manatlıq satış həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,3 faiz çoxdur. Geyim əşyaları pərakəndə ticarət dövriyyəsinin 14,9 faizini təşkil edib.

Texnoloji məhsulların satışında daha yüksək artım müşahidə olunub. Belə ki, ilin on bir ayında kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları üzrə dövriyyə 1,7 milyard manata çatıb və illik müqayisədə 29,4 faiz artıb.

Ən kəskin artımlardan biri də əczacılıq məhsulları və tibbi ləvazimatlar üzrə pərakəndə satış dövriyyəsində baş verib. Əhali cari ilin yanvar–noyabr aylarında dərman və digər tibbi ləvazimatlara 1,42 milyard manat xərcləyib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3 faiz çoxdur.

Bundan əlavə, elektrik malları və mebel üzrə satışlar 2,83 milyard manat təşkil edib və bu kateqoriyada 4,6 faiz artım qeydə alınıb.

 Digər qeyri-ərzaq malları kateqoriyasında dövriyyə 9,31 milyard manat olub və ümumi ticarət dövriyyəsinin 16 faizini təşkil edib.

DSK-nın məlumatına görə, 2025-ci ilin yanvar–noyabr aylarında ümumilikdə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58,5 milyard manatlıq məhsul satılıb. Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib. Həmçinin pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 7 faiz, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda isə 4,8 faiz artıb.