Büdcə Neft Fondundan xilas olacaqmı? | TƏHLİL
Maliyyə Nazirliyinin “2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında diqqəti cəlb edən bəlkə də ən müsbət məqam Dövlət Neft Fondundan (DNF) 2026-cı ilin dövlət büdcəsinə ayırmanın, - transfert məbləğinin cari il üzrə təsdiq olunandan az təşkil edəcəyidir. Özü də bunun gələn ilin büdcəsinin gəlir hissəsinin cüzi də olsa artması fonunda baş verməsi xüsusi önəm daşıyır.
Cari ilin dövlət büdcəsində DNF-dan transfert 14 milyard 481 milyon manat məbləğində təsdiq olunduğu halda, 2026-cı ilin büdcəsində bu rəqəm 12 milyard 750 milyon manat, yəni təqribən 12% az nəzərdə tutulub. Halbuki, növbəti ilin dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67 milyon manat və ya 0,2%, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 261 milyon 200 min manat və ya 3,4% çox deməkdir. Xatırladım ki, indiyədək DNF-dan dövlət büdcəsinə heç vaxt bu il nəzərdə tutulduğu qədər, yəni, 14 milyard 481 milyon manat məbləğində transfert həyata keçirilməyib.
Yeri gəlmişkən, keçən ilin dövlət büdcəsinə ilin ortasında yenidən baxılan zaman gəlirlər proqnozlaşdırılandan 2 milyard 18 milyon manat və ya 6.4% artırılaraq 36 milyard 35 milyon 300 min manat edilərkən bunun DNF-dan əlavə transfert hesabına olmadan həyata keçirilməsini müsbət qiymətləndirmişdim. Ona görə ki, 2023-cü ildə analoji halda DNF-dən transfert təsdiq olunandan 457 milyon 700 min manat və yaxud 4,05% artırılmışdı. 2022-ci ildəsə Fonddan büdcəyə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert həcmi 1 milyard 192 milyon 500 min manat azaldılmışdı ki, nəticədə də DNF-dən köçürmə 2020-ci və 2021-ci illərdəkindən də aşağı səviyyəyə enmişdi. Bu da xərclərin artması fonunda böyük hadisə və addım idi.
Ümumiyyətlə, 2021-ci və 2020-ci ildə dövlət büdcəsinə DNF-dan transfert eyni məbləğdə, - 12 milyard 200 milyon manat təsdiq edilmişdi ki. 2022-ci ilin dövlət büdcəsində isə əvvəlki illərdəkindən bir qədər çox, - 510 milyon manat və ya 4,2% çox proqnozlaşdırılırdı. Bundan əlavə, 2021-ci ildə Fonddan transfert ilin sonuna ümumiyyətlə 850 milyon manat az həyata keçirilmişdi. Bunu xatırlamaqda məqsədim budur ki, neftin dünya bazar qiyməti neçə illərdir həm dövlət, həm də Fondun büdcəsində nəzərdə tutulandan yüksək səviyyədə dalğalandığından, digər tərəfdən isə qeyri-neft-qaz sektorundan gəlirlərin və yığımın da durmadan artıq təşkil etməsi səbəbindən DNF üzrə transfert məbləğini əslində, azaltmaq siyasəti seçilmişdi. Cari ildəsə buna zidd rəqəm müəyyən olunmuşdu.
Odur ki, növbəti ildə, yəni 2026-cı ildə dövlət büdcəsinə transfertin cari il üzrə təsdiq olunandan 12% də varsa az təşkil edəcəyini həmin siyasətə qayıdış kimi qiymətləndirmək olar. Ən təqdirəlayiq hal isə ondan ibarətdir ki, bu siyasətin növbəti üç ildə də, yəni 2027-2029-cu illərdə də davam etdiriləcəyi nəzərdə tutulur. Əgər bu, baş verərsə və ümumiyyətlə, sözügedən tendensiya davamlı xarakter daşıyarsa növbəti onilliyin birinci yarısında dövlət büdcəmizin Neft Fondundan asılılığına son qoyulacaq.
Lakin bunun üçün büdcə gəlirlərinin artması prosesinin, başqa sözlə desəm, dövlət büdcəsinin inkişaf dinamikasının DNF-dan transfertsiz məbləğ üzərində köklənməsi və məhz, bu dayağa söykənməsi lazımdır. Qeyd edim ki, DNF-dən transfertsiz büdcə gəlirləri 2023-cü ildə 23,5 milyard manat, 2024-cü ildə 23,6 milyard manat olduğu halda, 2025-ci ildə 23,8 milyard manat proqnoz edilib. Gələn il isə bu rəqəm 25,6 milyard manat təşkil edəcək.
Ancaq bir nüans var. O da bundan ibarətdirdir ki, neftin dünya bazarlarında qiyməti yüksək olarsa dövlət büdcəsinə transfert artırılmasa yaxşıdır.
Pərviz Heydərov