Büdcədə icbari tibbi sığorta fonduna ayırmada 36 faiz azalma var
Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsi layihəsində icbari tibbi sığorta fonduna ayrılan vəsaitdə əvvəlki illə müqayisədə azalma var.
2026-cı ildə büdcə layihəsində sözügedən istiqamətə 900 milyon manatın ayrılması nəzərdə tutulub. Bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36.5 faiz azdır.
Amma ümumilikdə gələn il üçün büdcə xərcləri 0.3, təkcə müdafiə və milli təhlükəsizlik xərcləri isə 3.8 faiz artırılır
2026-cı ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon, xərcləri isə 41 milyard 548 milyon manat proqnozlaşdırılır. Bu ilin büdcə sənədi ilə müqayisədə gəlirlərdə 0.2, xərclərində isə 0.3 faiz artım var.
Azərbaycanda "Tibbi sığorta haqqında" Qanun 26 il əvvəl qəbul edilib. Ancaq yalnız 2021-ci ilin aprelindən bütün ölkədə tətbiq edilməyə başlanıb.
İşəgötürən işçinin əməkhaqqısının 8 min manatadək olan hissəsindən 2 faiz, 8 min manatdan yuxarı olan hissəsindən isə 0.5 faiz sığorta haqqı ödəyir. Eyni qaydada da işçi ödəniş edir.
"Daha bunun nəyi tibbi sığorta oldu?"
"Gözəl ağa çox gözəl idi, vurdu çiçək də çıxartdı". Bunu Milli Şura sədri Cəmil Həsənli 2026-cı il dövlət büdcəsi layihəsində icbari tibbi sığorta fonduna ayrılan vəsaitdə əvvəlki il ilə müqayisədə azalmanı şərh edərkən deyir.
Onun fikrincə, bu, səhiyyənin vətəndaşın cibi hesabına pullu xidmətə keçməsi deməkdir: "Elə belə də izah edilir. Yəni icbari tibbi sığorta dövlət maliyyələşməsindən digər mənbələrdən maliyyələşməyə (oxu: vətəndaş maliyyələşməsinə) keçirilir. Daha bunun nəyi tibbi sığorta oldu?".
C.Həsənlinin sözlərinə görə, ən dəhşətlisi odur ki, işsiz əhali üçün gələn ildən icbari tibbi sığorta xidmətləri ödənişli olacaq: "Yəni işsizlərin icbari tibbi sığortasının dövlət büdcəsindən maliyyələşdirilməsi dayandırılır. Onlar isə hazırda əməkqabiliyyətli əhalinin, hökumətin iddia etdiyi kimi, 5 faizini deyil, 35-40 faizə qədərini təşkil edir".
Heç yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə bilirdilər. İndi bu müddətin yenidən uzadılıb-uzadılmayacağına rəsmilərdən münasibət almaq mümkün olmayıb.
Dövlət Statistika Komitəsinin son açıqlamasına görə, hazırda ölkədə rəsmən muzdla işləyənlərin sayı 1.7 milyon civarındadır. Məşğul əhali isə 5 milyondan çoxdur. Müstəqil iqtisadçılara görə, əhalinin arada qalan 3 milyondan çox bir hissəsindən müəyyən kəsim insanlar qeyri-rəsmi fəaliyyət göstərirlər. Onların fikrincə, hökumətin işsizlərin müəyyən edilməsi ilə bağlı kriteriyaları da obyektivliyə xidmət etmir. Məsələn, onlar pay torpaqlarına sahib adamların işləyənlərin sıralarına daxil edilməsini düzgün saymırlar. AzadlıqRadiosu