"Həmin mərkəzdə mənim qardaşımın da psixologiyasını məhv etmişdilər"- Cəlil Cavanşir
Tanınmış jurnalist Nəsimi Nəbizadənin "Qurtuluş” reabilitasiya mərkəzində müalicədən imtina etməsi məsələsinə dair ictimai müzakirə davam edərkən yazıçı-jurnalist Cəlil Cavanşir sosial şəbəkədəki səhifəsində maraqlı qeydlər yazlb.
O, Nəsimi Nəbizadə və Ceyhun Əsgərovla bağlı çəkilən videolara baxanda ikrah duyduğunu, bu saxta canıyananlığın insanları iyrəndirdiyini yazıb.
C.Cavanşir daha sonra yazıb: "Mənim doğma qardaşım da eyni mərkəzdə reabilitasiya keçib və çıxandan bir həftə sonra əvvəlkindən də dəhşətli vəziyyətə düşüb. Bütün psixologiyasını alt-üst etmişdilər. Yaxın dostlarımdan biri başqa bir reabilitasiya mərkəzində müalicə olundu, çıxandan sonra bütün həyatı alt-üst oldu. Daha da çıxılmaz vəziyyətə düşdü”.
Yazıçı Nəsimi Nəbizadənin reabilitasiya mərkəzində saxlanılmasını, "qaçdıqdan" sonra axtarılmasını, onun yenidən mərkəzə qaytarılması cəhdini və bu prosesin ictimailəşdirilməsini “açıq-aşkar hüquq pozuntusu” adlandıraraq yazır: “Tanıyanlar, dost tanışı bilir ki, Nəsimi bir neçə asılılıqdan əziyyət çəkir və baş verənlər bu günün problemi deyil. Asılılıqdan müalicə yalnız könüllülük əsasında və şəxsin istəyi ilə mümkündür. Məcburi qaydada saxlanma və zorla geri qaytarılma qanunsuz azadlıqdan məhrumetmə əlamətləri yaradır".
C. Cavanşir məsələni ictimailəşdirdiyi üçün mərkəz rəhbərliyini qınayıb: "Reabilitasiya mərkəzi Nəsimi Nəbizadəni hansı haqla axtarır? Hüquq-mühafizə orqanlarının səlahiyyəti daxilində olan işlərə hansısa reablitasiya mərkəzi niyə qarışmalıdır? Mərkəzin rəhbərinin çıxışına baxdım, üzündə oyuncağını itirmiş uşağın nigaranlığı vardı. Nəsiminin reabilitasiya zamanı çəkilmiş bütün videoları ürək ağrısıdır, vicdansızlıqdır. Nəsimini Şəhidlər xiyabanına, Fəxri xiyabana, yarmarkaya aparmaq, danışdırmaqla nəyə nail olmağı düşünürsünüz? Mərkəzi böyütmək, həssas və xüsusi yanaşılmalı təbəqədən olan insanları şəxsi həbsxanalarınıza doldurub saxta canıyananlıq etmək? Maraqlıdır, ölkədə reablitasiya mərkəzləri artdıqca, narkomaniya da, alkoqolizm də, iqromaniya da "çiçəklənir". Bu məndə bir çox cavabsız suallar yaradır”.
Yazıçı yazır ki, asılılıqdan əziyyət çəkən şəxslərin ailələri zatən məhv olur, üstəlik, son ümid yeri kimi gördükləri reabilitasiya mərkəzləri də bu ailələri soyub soğana çevirir, ciblərini doldurur.
“Ümumiyyətlə bu reabilitasiya mərkəzləri hansı hüquqi əsaslarla, hansı qanunlarla işləyir? Bu mərkəzlərə hansı qurum nəzarət edir? Yerindən qalxan Villa kirayələyib, mini həbsxana yaradır. Mətbuatda tez-tez qarşımıza çıxan xəbərlərdən başa düşmək olur ki, bu tip mərkəzlər elə həbsxana qanunları ilə də idarə olunur.
Reabilitasiya mərkəzi adı altında fəaliyyət göstərən bu müəssisələrin işi araşdırılmalı, məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməlidir", - Cəlil Cavanşir yazıb.
Musavat.com