İcra başçılarının PULU kəsilir – RƏSMİ
“Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollara çatıb. Regionların büdcədən asılılığı daha da azalıb. Cəmi bir rayona 1,5 milyon manat məbləğində dotasiya verilib".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ın müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, xərclər səmərəli və ünvanlı, müvafiq ehtiyaclara uyğun icra olunub. Onun sözlərinə görə, dövlət büdcəsi profisitlə icra edilib.
Bəs regionların büdcədən asılılığının azalması nə ilə bağlıdır? İcra hakimiyyətlərinə dotasiya ayrılmaması onların işinə necə təsir edir?
Milli Məclisin üzvü Vüqar Bayramov Musavat.com-a şərhində bildirib ki, icra hakimiyyətlərin özlərini maliyyələşdirmə sisteminə keçməsi artıq bir neçə ildir genişləndirilir. Deputatın sözlərinə görə, bu, birbaşa rayonların özlərini öz daxili maliyyə mənbələri hesabına təmin etməsi ilə bağlıdır: “Rayonların maliyyə mənbələrində artımlar var, yerli büdcə də mövcuddur, bu da icra hakimiyyəti orqanlarına dövlət büdcəsindən dotasiya ayrılmasının zəruriliyini azaldıb.
Müəyyən infrastruktur layihələri dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu, birbaşa ayrılan vəsaitlərdir. Amma son dövrlərdə yerli icra hakimiyyəti orqanlarının gəlir mənbələrinin artması, şaxələnməsi praktik olaraq, onların dövlət büdcəsindən ayrılan dotasiyaya tələbinin azalmasına gətirib çıxarıb. Bu da nəticədə büdcə vəsaitlərinə qənaət edilməsinə və yerli mənbələrdən daha çox vəsaitin əldə edilməsinə imkan yaradıb”.