İqtisadiyyatımız üçün Rusiya nə qədər vacibdir | TƏHLİL
Ölkəmizin xarici ticarət dövriyyəsində İtaliya birinci, Türkiyə ikinci, Rusiya isə üçüncü yerdə dayanır. İxrac üzrə əsas ölkələrin sırası eynidir. İdxalda isə birinci yer Çinə, ikinci yer Rusiyaya, üçüncü yer Türkiyəyə məxsusdur.
Qarşılıqlı iqtisadi və ticarət əlaqələri baxımından Rusiya ilə ölkəmiz arasında münasibətlərin pisləşməsi yaxşı hal deyildi. Bu əlaqələr hər iki ölkəyə, xüsusən də bizə xeyir gətirir. Təkcə keçən il ərzində Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 10,1% artaraq təxminən 4,8 milyard ABŞ dolları təşkil edib. Sözügedən ölkəylə alış-verişimiz ümumi xarici ticarət dövriyyəmizdə 10,08% paya sahib olub. 2023-cü ildə isə bu rəqəm 8,52% təşkil edirdi.
Ölkəmiz Rusiya ilə qarşılıqlı ticarət əlaqələrində 2024-cü ili 2 milyard 443 milyon 124 min 790 dollar mənfi saldo ilə başa vurub. Müqayisə üçün qeyd edim ki, 2023-cü ilin yekununa əsasən bu rəqəm 1 milyard 965 milyon 917 min 550 dollar təşkil edirdi. Mənfi saldonu artıran səbəb keçən il ərzində ölkəmizdən Rusiyaya ixracın 1,5% azalaraq 1,178 milyard dollar, Rusiyadan idxalın isə 14,5% artaraq 3,621 milyard dollar təşkil etməsi olub.
Ümumiyyətlə, ölkəmizə idxalda əsas tərəfdaşların sırasında Rusiya iki il bundan əvvəl, yəni 2023-cü ilin yekununa əsasən 18,29% pay həcmiylə 1-ci yerdə dayanırdı. Ötən ilsə onu bu sırada Çin əvəz etdi. Hər iki ölkənin ümumi idxalda payı müvafiq olaraq 17,69% və 17,20% təşkil etməklə...
Rusiyadan ölkəmizə nə gətirilir? Demək olar, hər şey: Tikinti materialları, mal və quş əti, kərə yağı, süd, balıq məhsulları, yumurta, kartof, buğda, un və un məmulatları, marqarin və bitki yağları, alkoqollu içkilər, dərman vasitələri, tütün məmulatları, iribuynuzlu heyvanlar, ev quşları, sürtkü yağları, habelə elektrik enerjisi, qaz, kimya sənayesi məhsulları, kağız, müxtəlif məişət cihazları... Yəni, hər cür iqtisadi sektora aid məhsullar... Azərbaycandan Rusiyaya isə əsasən qeyri-neft-qaz sektoruna aid məhsullar - meyvə və tərəvəz, konservlər, şərabçılıq məhsulları, tütün, pambıq ipliyi və s. ixrac olunur. Ümumiyyətlə, qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələr sırasında Rusiya böyük fərqlə ilk yerdə dayanır. Belə ki, 2024-cü ldə ölkəmizdən qeyri-neft məhsulları üzrə ümumi ixracda şimal qonşumuzun payı 34,62% təşkil edib. 2023-də bu rəqəm 33,28%-ə bərabər idi.
Azərbaycan üçün Rusiya ən böyük bazar sayılır. Məsələn, son üç ildə ölkəmizdən qeyri-neft məhsulları ixracı azalıb. Səbəb nədir? Rusiya-Ukrayna müharibəsi... Ölkəmizdən qeyri-neft məhsullarının ixracının azalmasına məhz qeyd olunan müharibənin yaratdığı fəsadlar, konkret desəm eyni bazardan asılı olmağımız zəmin yaratdı.
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi iqtisadiyyatımızın inkişafına çox böyük zərbə vurdu. Ona görə ki, biz, qeyri neft-qaz sektoru məhsulları ixracı üzrə şaxələnmiş bazar imkanlarına sahib deyilik. Xüsusən də kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz sarıdan. Bu isə, çox ciddi mənfi haldır. Sözügedən sektorun inkişafı bir nömrəli prioritet seçilən ölkədə ixrac bazarlarının sayı əslində çox olmalı və alternativlik vacib sayılmalıdır.
Ölkələrimiz arasında qarşılıqlı investisiya, enerji və nəqliyyat sahəsində əlaqələri və əməkdaşlığı hələ qeyd etmirəm və bunlara toxunmuram. Odur ki, Rusiya ilə münasibətləri daim bir çərçivədə və ölçüdə saxlamaq lazımdır. Bu münasibətlərin bəlli bir tavanı və döşəmə həddi var. Bu həddlərin keçilməsinə əsla yol verilməməlidir.
Pərviz Heydərov