Bəs deyilmi onların ölüsünü də ələ salmağınız?
Bu yaxınlarda məşhur bəstəkar Tahir Əkbər vəfat etdi. Mərhum bəstəkarın mahnıları həmişə dilimizin əzbəri olub. Yeni il gecələrində Zeynəb Xanlarova onun "Dərdin alım" mahnısı ilə səslənərdi sevənlərinə. Köhnə kadrlardan Nəzakət Məmmədovanın gülən üzünü görüb, yenə də Tahir Əkbərin "Heç küsməyin yeridirmi" mahnısı ilə onun şirin səsini eşidirdik. Amma heç şübhəsiz, Tahir Əkbər dedikdə ağlımıza "Amin" mahnısı gəlir.
İstər ateist ol, istər deist ol, istər teist ol və ya da hansı "ist"ə mənsub olursansa ol, əgər zərrə qədər kövrək insani duyğuların və musiqi anlayışın varsa, mütləq bu mahnını dinləyəndə boğazın düyünlənər, tüklərin biz-biz olar, gözündən yaş damcılanar, bu qocaman kainatdakı ilk insan izlərindən bugünəcən bildiyin bütün bəşər tarixi, insan əzabları, tale müşkülləri gözünün önündə canlanar. "Ulu Tanrım adına açılıb əllərimiz! Sevərək könlümüzü sənə verdik, sənə biz! Sənə hey şükr eləsin açılan dillərimiz. Bizə rəhm et, ərisin acı müşküllərimiz, Amin, Amin, İlahi, Amin!" Sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi Tahir Əkbərə məxsus olan bu böyük əsər Nobel mükafatının 100 illik yubileyi münasibətilə Avropada yayımlanan alboma daxil edilib. Mahnıları nə qədər dillər əzbəri olsa da, bayağı gündəmdən həmişə uzaq duran, sırf yaradıcılıqla məşğul olan bəstəkar mart ayının 2-də vəfat etdi. Vəfatından sonra Mədəniyyət və Turizm Nazirliyindən açıqlama gəldi ki, Tahir Əkbər "Qurd Qapısı" məzarlığında dəfn olunacaq. Lakin yayılan fotolardan da göründüyü kimi bəstəkarı məzarlığın hansısa kimsəsiz bucağında, gözdən uzaq, az qala insan ayağı dəyməyən bir yerdə dəfn etdilər. Mərhum bəstəkarın xanımı isə bu ədəbsizliklə barışmayıb Tahir Əkbərin məzar yerini dəyişdirərək doğmalarının yanında torpağa tapşırdı. Əlbəttə, onsuz da bugünəcən mədəniyyətə zərrə qədər qayğısı, dəstəyi, diqqəti olmayan Mədəniyyət və Turizm Nazirliyinin sənətkara qarşı bu cür sayğısızlığına məlum şəraitdə ancaq belə cavab vermək olardı. Mədəniyyət və Turizm Nazirliyi Tahir Əkbərin bir nəğməsi qədər bu cəmiyyətə fayda verməyib. Bu qurumu sənət adamlarının üstündə hökmran etmək bütünlükdə sənətə hörmətsizlikdir. Həyatını sənətə, mədəniyyətə, elmə həsr etmiş adamları inadla başqalarından fərqləndirmək, onları daha özəl yerlərdə dəfn etmək məqsədiniz varsa, bunu sənət mühitinə paxıllıq, qərəz, ədavət salmadan edin. Ya birbaşa mədəni xidmətləri olmuş hər kəs xüsusi yerlərdə dəfn olunsun, ya da bu xüsusi məzarlıqlar birbaşa ləğv olunsun ki, insanlar da rahatlıq tapsın. Bu qədər ixtilafa nə ehtiyac var?Bəs deyilmi şəxsi münasibətləriniz olan adamlara bəzəkli mərmərlər, nəhəng heykəllər qoyub, sağlığında səfil güzəranı yaşatdığınız səntəkarların ölüsünü də ələ salmağınız? Lakin ən böyük məğlubiyyətiniz nədir, bilirsiz? Sizin o mərmərləriniz, heykəlləriniz olmasa da, Tahir Əkbər mahnıları əsrdən-əsrə gəlib, əsrdən-əsrə gedəcək.
Sizin o bəzəkli məzarlığa layiq bilmdəyiniz Telman Adıgözəlov, İlham Əsgərov, Nuriyə Əhmədova və başqaları yenə də öz kütləsinin qəhrəmanıdır, sevimlisidir, əzizidir, doğmasıdır. Onlar sizin abidələriniz olmasa da, sevilirlər! Çünki sağlıqlarında hər ürəkdə özlərinə bir abidə ucaldıblar! Və yenə səslənir Tahir Əkbərin notları: "Ulu Tanrım, bizi sən, qoru şərdən, çilədən!" (Sputnik)