Sosial şəbəkədə biz:

Ali Məhkəmə 4 nəfərin ölümündə təqsirləndirilən müstəntiqə bəraət verdi

19 April 2018, 10:10
Gündəm
Bu gün Ali Məhkəmədə 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən, Ağcabədi Rayon Polis Şöbəsinin müstəntiqi İqbal Nağıyevin barəsində Şirvan Apellyasiya Məhəkəməsinin çıxardığı bəraət qərarından verilən kassasiya şikayətinə baxılıb. Trend-in məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, qərar qüvvədə saxlanılıb. Məhkəmə İ.Nağıyevə bəraət verilməsini qanuni hesab edərək kassasiya şikayətini rədd edib. Qeyd edək ki, 2012-ci il dekabrın 31-i, saat 21.10 radələrində Mingəçevir sakini Mehdiyev Cabbar Məmməd oğlunun idarə etdiyi 10 XO 538 dövlət nömrə nişanlı, "Mercedes” markalı avtomobil Ağcabədi sakini, 1985-ci il təvəllüdlü Nağıyev İqbal Adil oğlunun idarə etdiyi 90 DB 556 dövlət nömrə nişanlı, "Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə sürücü C.Mehdiyev və onun avtomobilində olan sərnişinlər - Mingəçevir sakini, 1962-ci il təvəllüdlü Hacıyev Mübariz Əhməd oğlu Yevlax sakini, 1986-cı il təvəllüdlü Həsənov Qnyaz Ağəli oğlu və daha bir nəfər ölüb. Qəzada xəsarət alan Yevlax sakini, 1987-ci il təvəllüdlü Ağayev Rauf Ağəli oğlu və 1982-ci il təvəllüdlü Əliyeva Pərvanə Vəli qızı Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriblər. R.Ağayev ambulator yardım aldıqdan sonra evə buraxılıb. Faktla bağlı cinayət işi başlanıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Nağıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək İ.Nağıyevə bəraət verib. Qərardan narazı qalan qarşı tərəf isə Ali Məhkəməyə kassasiya şikayəti verib.