Sadələşdirilmiş vergi ləğv edilərsə, hər kəsə bir mühasib lazım olacaq - ŞƏRH
"Faizlərlə bağlı birmənalı nəsə demək çox çətindir. Çünki hələlik diferensial ƏDV-nin tətbiqi ilə bağlı heç bir konkret mexanizm yoxdur, qanunvericiliyə dəyişiklik edilməyib" — deyə Həsənov bildirib.
Ekspert deyib ki, dünya təcrübəsində bu sahədə ən müxtəlif formalar tətbiq edilir: "Sabitləşdirilmiş vergilər və yaxud fərqli vergi növləri paralel olaraq tətbiq edilir. Amma ölkəmizdə sahibkarlığın inkişafı və prosedurların sadələşdirilməsi kontekstindən məsələyə yanaşsaq, sadələşdirilmiş vergi növünün aradan qaldırılması doğru deyil. Çünki onsuz da Azərbaycanda xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin prosedurların vaxtı-vaxtında yerinə yetirilməsi, bu istiqamətdə kadr bazasının formalaşdırılması, əlavə xərclərin çəkilməsi və s. ilə bağlı problemləri var". Həmsöhbətimizin fikrincə, indiki halda ƏDV sistemi kifayət qədər mürəkkəbdir: "Bu, kiçik sahibkarlıq subyektləri üçün bəzi hallarda mühasibatlıq xidmətlərindən istifadə zərurəti yaradır. Sadələşdirilmiş vergi nisbətən asandır və kiçik sahibkarlıq subyektlərinin sayı yüz minlərlədir. Bu insanlar bu xidmətlərdən istifadə etməyərək özləri tərəfindən asan şəkildə bu prosesi həyata keçirir. Amma ƏDV sistemi tətbiq olunarsa, kiçik sahibkarlıq subyektləri mühasiblərlə razılıq əldə etməyə, bu xidmətləri almaq üçün vəsait sərf etməyə məcburdurlar və prosedur mürəkkəbləşir". "Düşünürəm ki, sadələşdirilmiş vergi növünün ləğv edilməsi doğru deyil. Amma sadələşdirilmiş vergi növü üzrə faiz dərəcələrinə yenidən baxılmasına, dövriyyə limitlərinin artırılmasına ehtiyac var idi. Bu istiqamətdə dəyişikliklər olsaydı, daha optimal olardı, nəinki bu vergi növünün ləğv edilməsi" — deyə R.Həsənov vurğulayıb.İqtisadçının qənaətincə, mövcud infrastruktur ƏDV sisteminin tətbiq edilməsinə hazır deyil: "Bu, kifayət qədər əlavə xərc yükü formalaşdıracaq, problemlər yaradacaq. İqtisadiyyatın, biznesin buna uyğunlaşması məsələsi var. Regionlarda fəaliyyət göstərən sahibkarların böyük əksəriyyətinin qanunvericiliklə bağlı məlumatları azdır. Belə bir şəraitdə bu prosesin özü kifayət qədər mürəkkəb və zərərverici olacaq".
Qeyd edək ki, Dövlət Proqramında vergi ödəyicilərinin 97%-nin sadələşdirilmiş vergi ödəyicisi olmasına baxmayaraq, ümumi vergi daxilolmalarında sadələşdirilmiş vergi daxilolmalarının xüsusi çəkisinin 2017-ci ildə cəmi 5,3% təşkil etdiyi bildirilir.