Sosial şəbəkədə biz:

MDB-nın Bakıdakı ən yaxşı çimərliyindən reportaj: ucuzluq, təmizlik - Fotolar

05 June 2019, 19:18
Gündəm

Bakıya bu dəfə dəniz mövsümü tez gəldi. Ötən il iyunun əvvəlində hələ havalar sərin keçirdi. Bu il isə şəhər sakinləri çimərliklərə axışıblar.

Bayram günləri üçün 39 dərəcəyədək isti hava vəd edən hidrometereoloqların proqnozu doğru çıxmasa da, dənizə getmək baxımdan ideal şərait idi.

Səhər saatlarından dənizə üz tutan insanlardan kimsə siftəsini edirdi, kimsə günəş şüası qəbul etməyə gəlmişdi.

Günorta radələrinə doğru çimərlikdə əksər yerlər dolmuşdu. Bura Bakının ən ucuz çimərliklərindən sayılır. Təmizliyinə də söz ola bilməz. Girişdə avtomobil saxlamaq 1 manat, çimərliyə yaxın yerdə isə 2 manatdır.

Oturacaqların saatı 2 manata verilir, amma 5 manat verib 3 saat otura bilərsiniz. Ödəniş etməyib qumsalda xalça-palazınızı sərib, yeyəcək-içəcəyinizi qoyub istirahət edə bilərsiniz, kimsə sizə buna görə bir kəlmə deyə bilməz.

Vətəndaşların əksəriyyəti çətirli oturacaqlar kirayələyir, evdən gətirdiyi yeməkləri qoyur, dincəlir. Əgər restorandan sifariş vermək istəsəniz kababdan sosiskaya, çaydan pivəyə qədər var. Üstəlik, ərazi təmizdir, zibillik dağları yoxdur, hər addımbaşı pomidor qabığından tutmuş butulkaya qədər rast gəlmirsiniz. 
Bilgəh çimərliyi kardioloji sanatoriyanın lap yaxınlığında yerləşir. Şəhərdən çox uzaq deyil. Ən əsası yol üstündədir və Pirşağı, Mərdəkan, Şüvəlan kimi içərilərə doğru çox getmirsiniz. Havalar istiləşdikcə burada “iynə atsan yerə düşmür”.

Hazırda mövsümün yeni açılışı olub, su hələ hamam kimi qaynamadığı üçün müəyyən qədər seyrəklik müşahidə olunurdu. Bununla belə, adam sayı iyunun əvvəli üçün çox hesab edilə bilər.

Yeri gəlmişkən, dənizdə təhlükəsizlik tədbirləri də görülüb: xilasedicilər ərazidədir, skuterlər gəzir, şarlarla limit qoyulub və çox dərinə getməyə icazə verilmir. 
İstirahətə gələnlər deyirlər ki, qiymətlər onları qane edir və başqa yerlərlə müqayisədə oturacaqlar ucuzdur. Çünki Mərdəkan, Pirşağı çimərliklərində 10-15 manatdan ucuz kölgəlik tapılmır.

Təsadüfi deyil ki, “TurStat” analitik agentliyi 2018-ci ilin ən yaxşı MDB kurortları siyahısına Bilgəh çimərliyinin adını salmışdı. 
Qeyd edək ki, iyunun 4-də Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov mətbuat konfransında bildirib ki, bəzi çimərliklərdə çirklənmə həddi keçib. Onun sözlərinə görə, Xəzər dənizinin çirkləndirilməsinin fəsadları və əhaliyə birbaşa təsirləri indi, çimərlik mövsümünün başlaması ilə daha qabarıq görünür.

Ə.Həsənov qeyd edib ki, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərlikləri istifadəyə yararsızdır. Analizlərin nəticələrinə görə Türkan, Hövsan, Şıx, Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil.
Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə istifadəyə yararlıdır.

Hazırda Xəzər dənizinin Cənub və Şimal bölgələrində də monitorinqlər həyata keçirilir, su və dib çöküntüləri nümunələri üzərində təhlillər aparılır.Musavat.com