Kəlbəcərdə daha bir çoxuşaqlı erməni ailəsinə ev verildi-FOTOLAR
Ermənilər dağlarımızın qoynunda sağlam nəsil yetişdirir, bizim genefondumuz isə Qobunun tozlu çöllərində çürüyür....
Biz hələ Minsk qrupunun çoxbaşlı, çoxüzlü və faydasız bəyanatlarını dinləyib yataq...
Dünən –iyunun 20-də - Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qarabağla bağlı “en”-ci görüşü keçirildiyi vaxt 27-ci ildir işğal altında qalan Kəlbəcər rayonunun Çapar kəndində Gevorq Movsisyanın və Diana Nazaryanın böyük ailəsi yeni, geniş və rahat yaşayış məkanı ilə təmin olunmalarını bayram edib.

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, ümumerməni “Hayastan” fondunun maliyyəsi hesabına tikilmiş mənzilin açarlarının sahiblərinə təqdim edilmə mərasiminə icraçı direktor Aykak Arşamyanın rəhbərliyi ilə həmin fondun nümayəndə heyəti də qatılıb.
A.Arşamyan bildirib ki, bu dağlar qoynunda təmiz havada sağlam böyüyəcək çoxuşaqlı erməni ailəsi üçün evi fondun üzvləri- fransız xeyriyyəçi Jan-Mari və ABŞ vətəndaşı Lori Atamyan tikdirib.
Fond nümayəndələri bildiriblər ki, bundan sonra da Dağlıq Qarabağ və ətraf bölgələrin ermənilərlə məskunlaşdırılması, çoxuşaqlı ailələrin xoşbəxt yaşaması üçün əllərindən gələni edəcəklər.

P.S. Ermənilər dağlarımızın qoynunda, saf havamızdan udub, təmiz suyumuzdan içib, ekoloji təmiz meyvə-tərəvəzimizdn yeyib sağlam nəsil yetişdirir, bizim Qarabağ qaçqınlarının genefondu isə Qobunun, Müşfiqabadın, Kürdəxanının və s. tozlu, çılpaq çöllərində çürüyür....