“Mənə geri çəkilməyim üçün rüşvət təklif olundu” - Döyülən jurnalist DANIŞDI
“Dostlar, mənə qarşı xuliqanlıq edərək xəsarət yetirən şəxsin dünən
məhkəmə prosesi olub. Barəsində həbs-qəti imkan tədbiri seçilməli idi.
Seçilməyib. Məhkəmə prosesi bu günə təxirə salınıb. Aldığım məlumata
görə, qohum-əqrəbası rüşvət təklif edib. Əvvəl mənə təklif olundu.
Təklif etdilər ki, həbs- qəti imkan tədbiri seçilməməsi üçün şikayətimi
geri götürüm”.
Modern.az
xəbər verir ki, bu sözləri bir neçə gün öncə Mərdəkan-Bakı avtomobil
yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində “Daewoo” markalı
99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən
döyülən jurnalist Zülfüqar Xeyirxəbər bildirib.
Onun sözlərinə görə, qarşı tərəf istədiyi məbləği verməyə hazır imiş:
“İmtina
elədim. Çünki bu insan xulqiandı, cəmiyyət üçün təhlükəli biridir. Bu
hadisənin onun ilk əməli olmadığını daha əvvəl bəyan etmişdik. Ötən il
martın 20-də narkotik maddənin təsiri altında Heydər Əliyev prospektinə
"protiv" girərək qarşısına keçən maşınların sürücülərini söyüb, təhqir
edib. Cəzasız qalıb. Ona görə də əməllini daha betər davam etrib.
Müstəntiq bunu nəzərə almır. Deyir bu işin o işə aidiyyatı yoxdu. Mən
məhkəmədə iştirak etmək istəyirəm, bu adamın nə qədər təhlükəli olduğunu
sübut etmək üçün hakimə faktlar təqdim etmək istəyirəm, vaxtı
gizlədirlər. Bu nə deməkduir, Sizcə!? Mətbuat Şurası – Əflatun Amaşov bu
işi nəzarətə götürdüyün deyib. Xahiş edirəm maraqlansın. Bu cinayətkar
barəsində mütləq həbs-qəti imkan tədbiri seçilməlidir. Zatən Prezidentə
də açıq məktubla müraciət edəcəm. Mən hansı yolla olur olsun, o insanın
cəzalandırılmasına nail olacam.
Həmkarlarımdan da xahiş edirəm bu işdə mənə dəstək olsunlar”.
Bakı
şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatına görə,
avqustun 25-də saat 10 radələrində Bakı şəhər sakini, jurnalist
Zülfüqar Xeyirxəbərin idarə etdiyi “Mercedes” markalı 99-BC-360 dövlət
qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə
olarkən Binə qəsəbəsi ərazisində “Daewoo” markalı 99-AD-149 dövlət
qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən heç bir əsaslı səbəb
olmadan saxladılaraq mübahisə etməklə ona bədən xəsarətləri yetirilməsi
faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində
Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi
başlanıb.
Aparılmış
təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 99-AD-149
dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 1993-cü il təvəllüdlü
Seymur Mustafazadə olduğu aşkar edilib.
İstintaqla
Seymur Mustafazadənin ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər
üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq
hərəkətlərinə yol verərək Z.Xeyirxəbərə bədən xəsarətləri yetirməsinə
əsaslı şübhələr müəyyən edilib.