Sosial şəbəkədə biz:

Mariya Stadnik: "Cəmi bir qızıl medalım qaldı"

18 September 2019, 20:51
Gündəm

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik ikiqat dünya çempionluğunu əldə etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. 
"Report"un yarışa ezam olunmuş əməkdaşı həmin müsahibəni təqdim edir:
- Sizə elə gəlmir ki, asan qələbə oldu? 
- Bu, sizə elə gəlir. Bu medaladək gəldiyimiz yolu bilmirsiniz. Bu medalı şəxsi məşqçim, dünyanın ən yaxşı məşqçisi Andrey Stadnikə həsr etmək istərdim. Bu medal onun xidmətinin nəticəsidir. Böyük təşəkkürlər!
- Yaponiyalı əsas rəqibiniz Yui Susakinin dünya çempionatında iştirak etməyəcəyini eşitdikdə, çempion olacağınızı düşünmədiniz? 
- Xeyr. Mənim üçün rəqibin fərqi yox idi. Bura qızıl medal üçün gəlmişdim. Hansısa rəqibin iştirak etməməsi anlayışı yoxdur. Güclü olmaq istəyirsənsə, ən güclüləri udmalısan. Bu halda güclülərin güclüsü olursan.
- Düşünmürsünüz ki, cəmi bir qızıl - olimpiya medalınız qaldı? 
- Bəli, elədir (gülür). Sonra isə istirahət etmək olar. Olimpiya qızılınadək isə çalışmaq, vuruşmaq lazımdır. Qızıl medal qazanmaq istəyirdim. Kiminlə qarşılaşmağımın və kimi udmağımın isə fərqi yox idi.