BNA-da Ziya Məmmədov təcrübəsi: - İnsanları narazı salan nəqliyyatçılar
Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı narazılıqlar artır.
Sıravi
vətəndaşlar, ziyalılar, şou biznes nümayəndələri, televizya
aparıcıları, hətta deputat və diplomatlar da bu qurumun fəaliyyətini
tənqid edir. Vəziyyət isə düzəlmək əvəzinə, daha da pisləşir. BNA
rəsmiləri bütün narazılıqlara cavab olaraq ölkəyə 300 yeni avtobusun
gətiriləcəyini bildirib, lakin onların nə zaman xəttə buraxılacağı belə
məlum deyil. Qeyd edək ki, son məlumatlara görə, Türkiyə istehsalı olan
300 avtobusun 150 ədədi artıq ölkəyə gətirilib və hazırda BNA-nın
dayanacağındadır. Amma maraqlıdır ki, “BakuBus” avtobuslarının da ölkəyə
gətirilməsi ilə BNA rəsmiləri nəqliyyat probleminin aradan qalxacağını
bəyan edirdi, amma gözlənilənlər olmadı.
2015-ci
ildən sərnişinlərin istifadəsinə verilən “BakuBus” avtobusları qısa
zaman sonra yollarda qalmağa başladı və hazırda bu marşurut
avtobuslarında da problemlər mövcuddur.
BNA-nın
səlahiyyətində olan digər sahə-dayanma-durma qaydalarının pozulmasına
görə, avtomobillərə cərimə yazılması ilə bağlı da ciddi problemlər
mövcuddur. Şəhərin mərkəz hissəsində avtomobil dayanacaqlarının təlabata
uyğun olmaması, yəni infrastrukturun hələ də tam qaydaya salınmadığı
bir vaxtda BNA-nın sürücüləri cərimələməsi ciddi narazılıqlara səbəb
olur.
Hələlik
son olaraq teleaparıcı Tarix Əliyev (Tolik) Bakı Nəqliyyat Agentliyinin
(BNA) baş direktoru Vüsal Kərimlini sosial şəbəkədə sərt tənqid edib:
"Mənə
çox maraqlıdır, hörmətli Vüsal müəllim, bu qədər insanların
narazılığını görürsünüz? Bu qədər insanın haqqını sizin o işçiləriniz
yeyir, haram xoşları olsun. Mənim 20 manatım var, 100 dəfə də çəksələr,
it aparan olsun, verəcəyəm pulu. Elə bilərəm, nəzir verirəm. Amma
kasıbların maşınını çəkdiyiniz bəsdir. Camaat 20 manata evinə bazarlıq
edib, aparıb balalarına yedizdirər! Mənə maraqlıdır, sizin
maşınlarınızın adı heç BNA kameralarına tuş gəlib, yoxsa olmaz, rəisin
qohumları, əqrəbaları xüsusi siyahıdadır?”
Bundan
əvvəl də BNA müxtəlif səviyyələrdə tənqid olunub. Məsələn, Milli
Məclisin deputatı Fazil Mustafa bir müddət əvvəl parlamentdə çıxışı
zamanı BNA-nın məsuliyyətsiz bir quruma çevrildiyini deyib:
“Bakı
Nəqliyyat Agentliyi dayanacaq olmayan yerlərdə park edən maşınların
şəkillərini çəkib cərimə yazmaqla işlərini bitmiş hesab edir. Halbuki ən
vacib məsələ piyadaların həyati təhlükəsizliyidir, bu xidməti isə
göstərməyə laqeyd yanaşırlar. Ancaq ölkə prezidentinin və digər vəzifəli
şəxslərin müntəzəm hərəkət etdiyi yollarda bu zolaqları vaxtında
yeniləyirlər, şəhərin digər yerlərində isə buna əhəmiyyət vermirlər.
Hələ çəkilən ağ boyanın keyfiyyətini demirəm. İçinə nə qatırlarsa, bir
neçə həftəyə pozulmuş olur. Bu məsuliyyətsizlik piyada ölümlərinin və
xəsarət almalarının sayını artıra bilər".
Tanınmış
yazıçı, diplomat, Milli Məclisin keçmiş deputatı Xeyrəddin Qoca da bir
müddət əvvəl BNA ilə ciddi problem yaşamışdı. Belə ki, Xeyrəddin Qocanın
qızı övladını 20 nömrəli məktəbə qoyan zaman dayanma-durma qaydalarını
pozub və BNA kamera görüntüləri əsasında ona protokol tərtib edib.
Yazıçı isə sosial şəbəkələrdə bu məsələyə etiraz edərək bu protokolun
qanunsuz olduğunu bildirib:
“Əvvəla,
mən protokolun yazılmasına görə, etiraz etməmişəm. Protokol yazılıb,
gedib ödəyərik. Mənim etirazım odur ki, BNA-nın səlahiyyətləri hələ nə
Milli Məclis, nə də Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Amma
BNA öz yaydığı açıqlamada bildirir ki, gündə 3000-4000 maşına protokol
tərtib olunur”.
Qeyd edək ki, sözügedən hadisə bu ilin mart-ın 5-də günlərlə baş verib və açıqlama həmin zamana aiddir.
BNA-nın
fəaliyyətini tənqid edənlər arasında ekspertlər də var ki, onlardan
bəziləri, hətta bu qurumun ləğv olunmasını təklif edir.
İqtisadçı-ekspert Samir İsmayılov da BNA-nın ləğv olunmasının
tərəfdarıdır. S.İsmayılov BNA-nı “5-ci təkər”ə bənzədib:
“Dövlət
orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin
təkmilləşdirilməsi tədbirləri çərçivəsində ləğv olunmalı qurumlardan
biri Bakı Nəqliyyat Agentliyidir (BNA). DYP, Dövlət Avtomobil Agentliyi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olduğu halda,
Nazirlər Kabinetinin yanında əlavə bir qurumun saxlanılması “beşinci
təkəri” xatırladır. Fəaliyyəti dövründə ictimai nəqliyyatın
keyfiyyətində və məzmununda heç bir müsbət dəyişiklik edə bilməyib.
Belə
görünür ki, BNA tıxac probleminin həllini parkinq yerlərinin sayının
azaldılması və cərimə yükünün artırılmasında görür. Agentlik bu
yaxınlarda 100-dən çox parkinq yerinin bağlanması haqqında açıqlama
verib. Parkinq yerlərinin sayının onsuz da az olduğu bir zamanda belə
bir addımın atılması absurddur”.
Şou
biznes nümayəndələri də BNA-nın fəaliyyətini mütəmadi tənqid edir.
Müğənni Elvin Abdullayev də sosial şəbəkədə parklanma qaydasının
pozulmasına görə 20 manat cərimə yazılmasını tənqid edib:
“Bakı
Nəqliyyat Agentliyi (BNA) ağını çıxarıb. Dinc əhalini incitmək olmaz.
Taksi sürücüləri nə qazanır ki, onları 20 manat cərimələyirsiniz? Ailə
saxlamırsınız? Uşağınız yoxdur? İcazə verin ailə dolandıranlar halal
pullarını qazansınlar. Dəxlisiz yerlərdə sərnişinləri düşürən-mindirən
avtobusların xətlərini bağlayın, deyim, hə. Çəlimsiz, arıq 3-4 nəfər
əlində taxta ilə sürücüləri qovur, utanmazlar. 20 manatı günlərlə
işləyib, qazana bilməyən adamlar var”.
Bu
siyahını kifayət qədər uzatmaq olar. Müxtəlif peşə, vəzifə sahibləri də
var ki, BNA-nın bir qurum yararsız olduğunu deyir, ləğv olunmasının
vacibliyini vurğulayır. Bu qurumu tənqid edənlər sırasında dövlət
televiziyasının da olması vəziyyətin nə dərəcədə ciddi olduğunu açıq
şəkildə göstərir.
Belə
ki, Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirində yayımlanan
“Nəsillərin debatı” proqramında Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti
sərt tənqid edilib. İyun ayının 27-də efirdə yayımlanan proqramda
qurumun məsul əməkdaşlarının üzərlərinə düşən vəzifələri yerinə yetirə
bilmədikləri bildirilib. Verilişin aparıcısı Bakı Nəqliyyat Agentliyinin
əməkdaşlarını sözügedən proqrama dəvət etdiklərini, ancaq dəvətdən
boyun qaçırdıqlarını və telefon zənglərinə belə, cavab vermədiklərini
vurğulayıb:
“Çox
maraqlıdır ki, biz Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarına dəfələrlə
zəng vurmuşuq. Lakin onlar dəvət alsalar belə, verilişimizə gəlməkdən
çəkindilər. Hətta onların “çağrı mərkəzi" (141 zəng mərkəzi-müəl.) də
var ki, zənglərə cavab vermir. Hər hansı məsələyə aydınlıq gətirilməsini
istədikdə, çəkinirlər, heç bir cavab vermək istəmirlər. Yəni biz
çalışırıq ki, televiziya olaraq məsələni gündəmə gətirək, onların
səlahiyyətində olan məsələlərə işıq salsınlar. Lakin problemlər
çözülməmiş qalır".
Şikayətlərin,
narazılıqların ünvanına çevrilən BNA isə hələ də öz “fəaliyyətindədir”.
Ölkənin nəqliyyat sisteminə Nəqliyyat Nazirliyi nəzarət etdiyi zamanlar
Ziya Məmmədov da məhz bu cür problemlərə görə gündəmə gəlirdi və
nəticədə onun rəhbərlik etdiyi qurum ləğv olundu. Ziya Məmmədov ölkənin
nəqliyyat sisteminə nəzarət etdiyi zaman onun “nəqliyyat qoçuları” adı
ilə məşhurlaşan, taksilərin qəniminə çevrilən dəstəsi ölkə miqyasında
ciddi narazılıqlar yaradırdı. İndi də BNA-nın fəaliyyəti eyni ilə Ziya
Məmmədovun “nəqliyyat qoçuları”nın funksiyasını yerinə yetirir, hətta
belə demək mümkündürsə, artıq onları belə keçib.
BNA niyə insanları narazı salmalıdır?
Nəzərə
alsaq ki, yaranan narazılıq təkcə BNA-nı deyl, həm də ümumilikdə
hökuməti hədəfə gətirir, problemlərin aradan qaldırılması üçün ciddi
tədbirlər vacibdir. Hesab olunur ki, qısa zaman ərzində BNA ilə bağlı
yekun qərar veriləcək. Vəzifələrinin öhdəsindən gəlməmək bir tərəfə,
əlavə problemlər yaradan qurumun ləğvi və ya ciddi kadr dəyişiklikləri
ilə yenidən formalaşması istisna edilmir.