Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİA
İranda yayılan koronavirusa görə cənub sərhədlərimizdə son vəziyyəti
öyrənmək üçün reportaja getmişdik. Geri qayıdarkən, həmin epidemiya
qədər zərərli olan rüşvət faktı ilə həbs edilmiş Neftçalanın sabiq icra
başçısı İsmayıl Vəliyevdən sonra rayondakı prosesləri araşdırmaq
qərarına gəldik.
Dövlət
Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı icra başçısı ilə
birgə həbs edilən 10 nəfər vəzifəli şəxsdən sonra Neftçala sükuta qərq
olub.
İcra
hakimiyyətinə gələn-gedən yoxdur, İ.Vəliyevin yerinə təyinat olmadığına
görə onun səlahiyyətlərini kimin icra etdiyi də bilinmir.
Öyrəndik
ki, indi Neftçala İH-də çalışanlar, o cümlədən bələdiyyə sədrləri, icra
nümayəndələri təşviş içindədirlər. DTX-nın əməliyyatından sonra onların
istintaqa cəlb olunduğu bildirilir.
Araşdırma
zamanı məlumat aldıq ki, bələdiyyə sədrləri və icra nümayəndələri
İsmayıl Vəliyevə verdikləri rüşvət iddiaları ilə bağlı şahid qismində
ifadə verirlər, hazırda bu məsələlər araşdırılır.
İddialar
səslənir ki, həbsindən bir müddət əvvəl icra başçısına qeyri-rəsmi
şəkildə xəbərdarlıq olunub. İ.Vəliyevə deyilibmiş ki, şələ-şüləsini
yığışdırsın, könüllü şəkildə istefa ərizəsini yazıb ölkə rəhbərliyinə
təqdim eləsin.
Amma
Neftçalanın İH başçısı ismarışları qulaqardı edib, yerinə kimlərinsə
göz dikdiyini fikirləşib və öz aləmində oyuna getməyəcəyini
qərarlaşdırıb.
Çünki İ.Vəliyev sonluğun belə olacağını gözləməyib və işinə davam edib. Nəticədə antikorrupsiya əməliyyatı ilə qandallanıb.
İndi
Neftçala İH-də “lələ köçüb, yurdu qalıb...” Bildirilir ki, İH-də
işləyənlərə və bələdiyyə sədrlərinə, o cümlədən İ.Vəliyevlə əlaqəsi
olanlara rayonu tərk etməmək tapşırılıb. Deyilənə görə, icra başçısının
aldığı rüşvətin ən böyük məbləği 3000-5000 manat imiş. Bu bölgə kasıb
olduğu üçün elə də iri pullar dövr etmirdi.
Camaat
isə tezliklə yeni icra başçısı təyin olunacağını gözləyir. Sakinlərin
sözlərinə görə, bundan sonra Neftçalaya təyinat alacaq kadr
istər-istəməz işləməyə, əhalini dinləməyə, problemlərini həll etməyə can
atacaq.
İ.Vəliyevin
dövründə isə Neftçala zərrə qədər inkişaf etməyib, abadlıq-quruculuq
işləri aparılmayıb. Rayonun 6, 7 və 8-ci küçələri adlanan ərazilərində
yollar bərbad gündədir, dağılıb-tökülüb, rayonun mərkəzi yağış yağanda
bərbad vəziyyətdə olur, küçələr palçığın içində batır.
Ümumiyyətlə,
Neftçalada yol infrastrukturu, su-kanalizasiya sistemi bərbad gündədir.
Bu illər ərzində İ.Vəliyev əlini ağdan qaraya vurub nə küçələri asfalt
etdirib, nə su-kanalizasiya probleminə əncam çəkib.
Sakinlər
bildirirlər ki, Kürün sahilində yerləşən Neftçalada su probleminin
olması tragikomediyadır: “Su problemi dəhşətdir. Kürün sahilində yaşayan
rayon yayda susuzluqdan əziyyət çəkir. Təsəvvür edirsiniz bunu?
Çünki
normal su xətləri yoxdur. İndi Şirvandan Salyan vasitəsi ilə Neftçalaya
yeni su xətti çəkirlər. Görək, ondan sonra necə olacaq".
Əhali
işsizlik probleminin də olduğunu söylədilər. Sakinlər deyirlər ki, yeni
yaradılan sənaye məhəlləsindən başqa normal iş yeri yoxdur. Hətta
Yod-brom zavodu da yarımçıq işləyir.
Sakinlər
deyirlər ki, həbs edilən başçının dövründə Neftçalada heç bir rayonda
olmayan məmur özbaşınalığı varıydı. Həm sahibkarları incidirdi, həm
vətəndaşların müraciətlərinə baxılmırdı.
İ.Vəliyevi
əhaliyə qarşı saymazlığı həm narazılıq yaradırdı, həm də rayona
kosmetik olsa belə əl gəzdirilməmişdi. Yəni büdcə pulları mənimsənilib.
Elə
ona görədir ki, icra başçısı özünə biznes kəhkəşanı qurmuşdu, hətta
eşşək ferması açmışdı. Öyrəndik ki, ferma “gözdən uzaq, könüldən iraq”,
Neftçalanın mərkəzindən xeyli aralıdakı “Xol yolu” deyilən ərazidə
yerləşir.
Bu fermada 200-dən çox eşşək saxlanıldığı deyilir. Deyilənə görə, həm də keçi ferması olub.
Rayondakı
“Yurdum” restoranı da Vəliyevə məxsusdur. Bundan əlavə, rayon
sakinlərinə məxsus 1000 hektarlarla torpaq sahələrini özəlləşdirib.
Həmin
ərazilərdə müxtəlif növ taxıl bitkiləri əkilir. Rayonun Qaramanlı
kəndində SSRİ-dən qalan MMKR avtomobil zavodunu da Vəliyev özəlləşdirib.
Rayona
xeyli sayda ağır texnikalar, yük maşınları, təsərrüfat sahələrində
istifadə olunan traktorlar gətirərək, onları icarəyə verib. Hətta balıq
ovlamaq üçün qayıqlar, su motorları və bu sahəyə aid müxtəlif
avadanlıqları alaraq, icarəyə verib.
Beləliklə,
Neftçalada Vəliyev dövranı bitdi, insanlar isə yüksək potensialı olan
bu regiona dövlətin xüsusi diqqət ayıracağına inanır.
Xatırladaq
ki, DTX-nin fevralın 20-də keçirdiyi əməliyyatdan bir neçə saat sonra
prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Vəliyev vəzifəsindən azad
edilib. Həbslərlə bağlı yayılan rəsmi məlumatda deyilir ki, Neftçala
İcra Hakimiyyəti vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq
mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına,
cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran
çoxsaylı cinayət əməllərinə yol verilib.
“Yeni Müsavat”