Emin Hacıyevin deputat seçilməsi QANUNLARA ZİDDİ İMİŞ... - QALMAQAL
Fevralın 9-da keçirilən son parlament seçkisindən sonra deputat olan
Emin Hacıyevin keçmiş rəqibi ondan məhkəməyə şikayət göndərib. 43 saylı
Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədlərdən Mehriban
Mirzəliyeva iddia edir ki, E.Hacıyev Rusiya vətəndaşıdır və bu ölkə
qarşısında öhdəliyi var.
Martın
17-də Sumqayıt Apellyasiya Məhkəməsində bu məsələyə baxılıb.
M.Mirzəliyeva Mərkəzi Seçki Komissiyasından (MSK-dan) narazıdır. Deyir
ki, MSK bu məsələyə ciddi yanaşmayıb və E.Hacıyevin 2007-ci ildən
2020-ci ilədək Rusiyadakı fəaliyyətini, onun ikili vətəndaşlığını
araşdırmayıb.
Məsələ
burasındadır ki, Azərbaycan qanunvericiliyi həm ikili vətəndaşlığı, həm
də başqa ölkənin vətəndaşının burada deputat olmasını qadağan edir.
Hakim
Fərmayıl Zeynallı onun şikayətinin mümkün sayılmamasına qərar verib və
bunu belə əsaslandırıb ki, Konstitusiya Məhkəməsi artıq parlament
seçkilərinin nəticələrini təsdiqləyib: "Konstitusiya Məhkəməsinin
Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə
bilməz. Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan ərazisində
məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə
mindikdən sonra şərtsiz icra olunmalıdır".
O
da məlum olub ki, M.Mirzəliyeva bundan öncə də eyni məsələ ilə əlaqədar
məhkəməyə şikayət edərək, deputatın Rusiya vətəndaşı olub-olmamasının
araşdırılmasını istəyib. Ancaq Sumqayıt şəhər Məhkəməsi martın 13-də
qərardad çıxararaq, onun şikayətini araşdırmaqdan boyun qaçırıb.
Deputat E.Hacıyev seçkidə YAP-ın namizədi olub. O, həm də gənclər və idman nazirinin müavini Fərhad Hacıyevin qardaşıdır.