Sənətçilərdən Leyla Əliyevaya doğum günü təbriki
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 35 yaşını qeyd edir. Bu münasibətlə tanınmış sənətçilər "İnstagram" səhifələrində paylaşımlar edib, Leyla Əliyevaya xoş təbriklərini çatdırıblar.
Onlardan bir neçəsini təqdim edirik.
Tanınmış tele-aparıcı Hacı Nuran Hüseynov qeyd edib: "Elə insanlar var ki, alnına hələ gənc yaşlarından məsuliyyət hissi, el-oba qayğısı çəkmək yazılır. Bu şəxs qadın olanda yük birə-beş artır. Hələ uşaq yaşlarından böyüdüyü ailədə babasından, atasından, anasından xalqa, vətənə, torpağa məhəbbət, sevgi görən bir insandır. O, böyüdükcə bu sevgi onun da ruhunda, qəlbində kök saldı, iliklərinə işlədi. O da valideynləri kimi hamıya əl tutmaq, yardım etmək istəyir".

Daha sonra tele-aparıcı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı yeni yaşı münasibəti ilə təbrik edib, ona uğurlar diləyib.

Əməkdar artist Elza Seyidcahan isə Leyla Əliyevanın sözlərinə yazdığı "Kor adamlar" mahnısının video-çarxını paylaşıb.

Müğənni Ədalət Şükürov isə Leyla Əliyeva ilə birgə olan fotosunu paylaşaraq, qeyd edib: "Səmimi və gözəl insan, Leyla xanım! Ad gününüz mübarək olsun".

Müğənni Xəyyam Nisanov qeyd edib: "Böyük ürəyə sahib olan və daim insanlara öz köməyini əsirgəməyən əziz Leyla xanım! Ad gününüz mübarək!".

Xalq artisti Emin Ağalarov da öz "İnstagram" səhifəsində Leyla Əliyevanı təbrik edib: “Ad günün mübarək, Leyla. Sən əsl dost, heyrətamiz ana və həyat yoldaşısan. Heç nə səni dayandıra bilməz”.
Xatırladaq ki, Leyla Əliyeva 3 iyul, 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta, İsveçrədə və Böyük Britaniyada ali təhsil alıb.
2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Politologiya fakültəsinin “Dünya siyasəti” ixtisası üzrə magistr pilləsini bitirib.Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Baku" jurnalının təsisçisi və baş redaktorudur.
2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub. 2008-ci il mayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib. Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. O, 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Leyla Əliyevanın Əli və Mikayıl adlı əkiz oğlu, övladlığa götürdüyü Əminə adlı qızı var.