Sosial şəbəkədə biz:

Səni tutmaz idi Salyanın ahı, səni çiçək ahı, gül ahı tutdu

06 March 2016, 11:57
Gündəm
Azinforum.az şair-publisist Heydər Oğuzun yenicə qələmindən çıxmış bir şeirini təqdim edir.   Qalib bir sərkərdə ədası ilə Başına qızılgül səpdirən məmur. Özünü Osmanlı şahzadəsiylə Eyni tərəziyə qoymadan, bir dur!   Təqlid elədiyin həmin igidin Altından keçdiyi bir gül deyildi O nadir qəhrəman, cahangir idi, Önündə sənintək yüzü əyildi.     Özünü ha öldür, ha vurnux, didin, Od olsan, atəşin özünü yaxar. Tozu da olmarsan həmin igidin Səndən uzaq başı bir məmur çıxar.   Salyanı yoxsa ki, dünyamı sandın, Özünü bənzətdin gör, kimə, hələ? Altından keçdiyin gül də utandı, Bu cür düşməmişdi o dildən-dilə.   Uzun keşməkeşli tarix boyunca Özgə bir yer olub güllərin yeri. Bu millət o gülü hər kəsdən uca, Müqəddəs bilibdir min ildən bəri.   O, bəzən ən böyük sevginin rəmzi, Bəzən də peyğəmbər simvolu olub. Ləçək üstündəki hər damar izi Hansısa ürəyin bir qolu olub.   O bülbül eşqinin yadigarıdır, Ləçəyi bülbülün qanına batıb. O, nakam sevginin ahu-zarıdır, Nə qədər şeirə gül ətri qatıb.   Sən onu çıxarıb el arasına Vəzifə eşqinə kölə elədin. Xor baxdın elimin bu mirasına, Cılız hislərinə tələ elədin.   Sən həris duyğunla gülün xətrinə Dəyib neçə-neçə qarğış qazandın. Ayrı bir iy qatdın onun ətrinə Elə bu səbəbdən özün də yandın.   O, bir qızılgüldü - güllərin şahı, Nə saman çöpüydü, nə adi otdu. Səni tutmaz idi Salyanın ahı, Səni çiçək ahı, gül ahı tutdu.