Hövsanın baxımsız futbol meydançası - REPORTAJ
Ölkədə idmana olan qayğı heç kimə sirr deyil.
Şəhərlərdə, rayonlarda, kəndələrdə, qəsəbələrdə idman kompleksləri tikilir, təmir edilir, gənclərin istifadəsinə verilir. Amma bəzi qəsəbələrdə stadionlar diqqətdən kənarda qalıb. Onlardan biri də “Hövsan stadionu”dur.
Təxminən 10-12 əvvələ qədər mütəmadi olaraq yarışlar keçirilən stadion indi sadəcə boş bir ərazi olaraq qalıb. Həmin illərdə stadion müəyyən qədər təmir olunub, paltardəyişmə otaqları, hamam tikilib. Hövsanın eyni adlı klubu da aşağı liqalarda çıxış edib, Bakı çempionatında oynayıb. İndi isə stadion cəngəlliyi xatırladır, paltardəyişmə otağı isə “JEK”in anbarına çevrilib. Qalan isə sadəcə stadionun adıdır.
Nəzərə alsaq ki, Hövsan Bakının əhalisinə görə ən böyük qəsəbələrindəndir. Hövsanın 100 min yaxın əhalisi var. Son vəziyyəti oxuculara göstərmək üçün “Hövsan stadionu”na baş çəkdik. Hövsanda yaşamayan şəxs oranın nə zamansa stadion olduğunu, hər həftə orada çemionat oyunlarının keçirildiyini təsəvvürünə gətirə bilməz. Stadionda idmana aid yalnız bir nümunə var, o da hələ də stadion qapılarının yerində qalmasıdır.
Ərazidə olduğumuz müddətdə stadionun ətrafında yürüş edən şəxslərlə də söhbətləşdik. Müsahibimiz Günel xanım deyir ki, təxminən 2 aydır hər səhər yürüş etmək üçün bura gəlir.
- Günel xanım, burada nə vaxtsa futbol oynanıldığını görmüsüz?
- 2 ildən artıq olar ki, Hövsanda yaşayıram. Demək olar ki, hər gün də stadionun yanından keçirəm, amma indiyədək burada futbol oynadıqlarını görməmişəm. Ancaq səhər və axşam saatlarında yürüş üçün bura gələnlər var.
Aydın bəy isə uzun müddətdir Hövsanda yaşadığını deyir və stadionla bağlı xatirələrini bizimlə bölüşür:
“Bilirsiz, bu stadionda əvvəllər hər gün uşaqlar məşq edirdi, şənbə və bazar başqa qəsəbələrin komandaları ilə oyunlar keçirilirdi. Hövsanda çox yaxşı futbol klubu vardı. Məşqçiləri də xatılayıram, Babək və Eldar addında iki futbol məşqçisi vardı, fərqli zamanlarda bu Hövsanda uşaqlara futbolun sirlərini öyrədirdilər. Hövsandan çox yaxşı futbolçular da çıxıb. Nurlan Novruzov var, xatırladığıma görə indi Nepalda bir klubda oynayır, “Bakı” klubunda oynayanda Azərbaycan bombardiri olmuşdu, o da Hövsanda bax bu stadionda başlamışdı futbola. İndi isə görürsüz, stadion baxımsız vəziyyətdədir, hətta buranı stadion belə adlandırmaq olmaz”.
Aydın bəylə də sağollaşıb stadionun paltardəyişmə otağına üz tutduq. Qapısı bağlı idi deyə içəri girə bilmədik. Bizə bildirilənə görə, paltardəyişmə otaqlarını 103 saylı “JEK” anbar kimi istifadə edir. Ümid edirik ki, Hövsan stadionu da nə vaxtsa əvvəlki vəziyyətinə qayıdacaq, ölkədə futbolun inkişafına öz töhfəsini verəcək. Cebhe.info






